29 İyun 2020 16:00
1 707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Neftçala rayonunda Kür çayının səviyyəsi təhlükəli həddə çatıb. Xəzər dənizinin duzlu suyu axınla yuxarı doğru 60 km gedib. Kənd və qəsəbələrdə içməli su yoxdur. Əkin sahələri, yaşıllıqlar susuzluqdan əziyyət çəkir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı Teleqraf.com-a açıqlamasında hələ də Neftçalaya içməli suyun maşınlarla daşındığını deyib:

“Kürdə suyun codluğu artdığından Neftçalaya Salyan rayonundan su daşıyıb veririk. Hazırda şəhərin özü də daxil olmaqla 6 kəndə və 3 qəsəbəyə 15 ədəd maşınla su daşınır. Əgər anbarlarda su azdısa, qıtlıq varsa, bu, tək “Azərsu”nun problemi deyil, ümumi məsələdir”.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifov Teleqraf.com-a açıqlamasında bildirib ki, Neftçalada su problemi təbii prosesdir: “Kürdə su dəniz səviyyəsindən aşağı olduğu üçün şor su içməli suya qarışır. Bu da içməli suda problem yaradıb. Ərazidəki nasos stansiyalarının yerini dəyişməklə, eləcə də su soran nasosların məsafəsini uzatmaqla bu problemi həll etməyə çalışırıq ki, bu da artıq enerji sərfiyyatıdır”.

Qurum rəsmisi su qıtlığının qlobal bir problem olduğunu deyib: “Məlumdur ki, Kür çayı mənbəyini Türkiyə və Gürcüstandan götürür. Bu ölkələrdə də qar örtüyü və yağıntılar az olduğu üçün suyun miqdarı da azalıb. Qar örtüyü çox olmalıdır ki, Kür çayı bol sulu gəlsin. Ümumilikdə ölkəmizdə suvarmanı transərhəd suları hesabına həyata keçirilir. Təxminən 70% su kənardan gəlir. Xarici ölkələrdə olan su azlığı istər-istəməz Azərbaycana da təsirini göstərir”.

Dilqəm Şərifovun sözlərinə görə, anbarlarda ümumi su tutumu 21 milyard kubmetrdir: “2018-ci illə 2019-cu ili müqayisə etdikdə Azərbaycana daxil olan suyun miqdarı 4 milyard kubmetr azalıb. Suyun çaylarda səviyyəsi aşağıdır. Suyun səviyyəsinin artırılması ilə bağlı həm İran, həm də Gürcüstan hökumətinə müraciətlər etmişik. Yaxınlarda İran-Azərbaycan komissiyasının Meliorasiya və Su Təsərrüfatında videokonfrans keçirildi.

Konfransdakı əsas məsələlərdən biri də su ehtiyatlarının artırılması ilə bağlı idi. Belə ki, su anbarının 2020-ci il üçün iş rejimi, iki ölkə arasında su bölgüsünün müəyyənləşdirilməsi, Araz çayında su sərfinin ölçülməsi və qrafikinin təsdiq edilməsi, Araz çayının su ehtiyatlarının qiymətləndirilməsi, idarə edilməsi bölgüsünün optimallaşdırılması məqsədi ilə idarəetmə sisteminin yaradılması sahəsində işlərin sürətləndirilməsi məsələlərinə toxunuldu”.

Dilqəm Şərifov su qıtlığının aradan qaldırılması istiqamətində dövlət tədbirlərinin görüldüyünü də diqqətə çatdırıb: “Təbii ki, gələcəkdə su probleminin yaşanması hər birimizi narahat edən məsələdir. Prezident su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə baş nazirin müavini Şahin Mustafayevin sədrliyi ilə komissiya yaradılıb. Həmin komissiyaya Meliorasiya və Su Təsərrüfatının inkişafına dair 2020-2030-cu illər üzrə dövlət proqramı təqdim edilib. Bu proqramdan əlavə, komissiyanın tələbinə uyğun olaraq qısa layihələr də təqdim olunur. Hansı ki, sudan səmərəli istifadə edilməsi və su itkilərinə qarşı ilkin mübarizəyə dair tədbirlərdir. Proqram təsdiq olunandan sonra bununla bağlı geniş məlumat vermək olacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər