1 İyul 2020 09:17
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Karantin rejimini çox çətin keçirirəm, əvvəl dözürdüm, indi səbrim çatmır. Mən pandemiya oldu-olmadı, gigiyenik qaydalara riayət edirəm. Sadəcə indi dəyişən maska taxmaq və spirtdən istifadə etməkdir".

Bu sözləri Teleqraf. com-a açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova deyib.

O, işi və sənət yoldaşları üçün darıxıdığını qeyd edib: "Bu vəziyyəti psixoloji olaraq çox çətin keçirirəm. Beyin əməliyyatı olunmuşam, çalışıram, depressiyaya düşməyim. Koronavirus haqqında xəbərləri oxumaq istəmirəm, amma yenə də qarşıma çıxır. Təkcə onunla təsəlli tapıram ki, bu, dünyanın bəlasıdır. Əllərimi açıb Allaha dua edirəm ki, bu xəstəlik tez keçsin.

Özümdən çox gəncləri düşünürəm. Onları evdə saxlamaq çətindir. Hava da istidir. Mən iki saatlıq SMS-lə icazə alıb gəzə bilərəm. Amma gəncləri, uşaqları evdə saxlamaq qeyri-mümkündür. Çox yer bağlıdır".

Xalq artisti tanıdığı insanlar arasında virusa yoluxanın olduğunu deyib: "Vəziyyəti normaldır, xəstəxanadadır. Əvvəl tanış yox idi. Ona görə də koronavirusa inam 50 faiz idi. İnanan da var idi, inanmayan da. Məni bir şey narahat edir, ötən gün aptekə getdim, çox az insan maskadan istifadə etmişdi. Elə baxırdılar ki, sanki maska taxanlar göydən gəlib.

İnsanlara tövsiyə edirəm ki, sosial məsafəni qorusunlar və maskadan istifadə etsinlər. Eləcə də çölə-bayıra çox çıxmasınlar. Xüsusilə, xəstə insanların çölə çıxaraq başqalarını virusa yoluxdurması cinayətdir, günahdır. Karantindən sonra da bu hadisə tam bitməmiş bayıra çox çıxmaq lazım deyil. Qeyd etdiyim kimi, evdə oturmaq da çətindir. Amma özlərini qorusunlar. Mən beyin əməliyyatından sonra nevropatoloqa müraciət edirəm. O da deyir ki, optimist ol, dərmanlar yazıb və qəbul edirəm. Eləcə də gündə bir saat yarım gəzməyi məsləhət görüb".

Firəngiz Mütəllimova SMS-lə icazə xidmətindən sui-istifadə edənlərə də müraciət edib: "Mən hələ birinci karantin rejimi elan edildikdən dörd həftə sonra SMS-lə icazə aldım. Marketdən nə lazımdırsa, göndərirlər. Özüm getmirəm. İnsanların 40-50 faizi mənim kimi düşünsə, yaxşı olar".


Müəllif: Rəqsanə Həsənova