Prezident İlham Əliyev iyunun 30-da Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı. Sərəncamın sonuncu bəndində qeyd olunub ki, jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təkliflər bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.
Teleqraf.com redaksiyaların təkliflərinin nədən ibarət olacağı ilə maraqlanıb.
"Şərq" qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncama görə prezidentə təşəkkürünü bildirib: “Ölkə başçısı bu çətin dönəmdə cəmiyyətin, millətin formalaşmasında, dövlətçilik tariximizdə mətbuatın əhəmiyyətini çox yüksək qiymətləndirərək belə sərəncama imza atıb. Təbii ki, sərəncamda göstərilən qaydalara uyğun şəkildə biz də redaksiya daxili tədbirlərimizi həyata keçirməyi planlaşdırmışıq.
Bizim qəzetdə bir neçə ildir ki, Mətbuat Tarixi Muzeyi fəaliyyət göstərir. Bu muzeydə 145 illiyi özündə əks etdirən orijinal sənədlər, mətbuat tarixinin keçib gəldiyi mərhələlər öz əksini tapıb”.
Baş redaktor redaksiya daxili toplantı keçirmək fikrində olduqlarını deyib: “Mükafatlandırlacaq həmkarlarımızın siyahısını göstərilən qaydada müvafiq orqanlara təqdim edəcəyik. Mənzillərin bölgüsündə də, jurnalistlərin mükafatlandırlması məsələsində də öncədən redaksiya heyəti toplaşır.
Ümumi qaydada aparılan müzakirələrin nəticəsində ortaq mövqedən verilmiş qərara uyğun davranılır. Hələlik belə toplantı keçirməmişik. Əlbəttə, bizim mükafatlandırılası jurnalistlərimiz çoxdur və onların siyahısını təqdim edəcəyik”.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, hər mükafatın, fəxri adın, medalın əsasnaməsi var: “Bu standartlara uyğun olaraq da müddətlər müəyyənləşdirilib. Hansı müddət ərzində media sektorunda çalışan insanlar bu mükafatlara təqdim oluna bilərlər və bu müddətlər də bizim üçün vacib seçim etmək imkanı yaradır.
Redaksiyada müzakirələr faktiki olaraq başa çatıb. Qeyd olunan meyarlara uyğun gələn, xüsusi xidmətləri olan, tələblərə cavab verən şəxslərin adları redaksiya tərəfindən mükafatlara təqdim ediləcək.
Prinsip etibarilə bizim üçün burada hər hansı formada narazılıq yaradacaq amil yoxdur. Çünki bundan öncəki proseslərdə də bütün məsələlər şəffaf şəkildə redaksiyada müzakirə olunub, qaydalara və prinsiplərə uyğun davranmışıq. Bu baxımdan heç bir halda qəbul olunan qərarlar redaksiya kollektivinin maraqlarına qarşı olmayıb, onların maraqlarını ifadə edib. Bundan sonra da eyni qaydada şəffaf şəkildə yolumuza davam edəcəyik”.
Elçin Mirzəbəyli Azərbaycan Prezidentinə ölkə mediasına göstərdiyi diqqətə görə xüsusi təşəkkürünü də bildirib: “Milli mətbuatının 145 illik yubileyi pandemiya şəraitinə təsadüf edib. Dövlətin bütün resurslarının Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin qorunmasına, eləcə də sosial problemlərin həllinə yönəldiyi bir vaxtda ölkə başçısının Azərbaycan milli mətbuatının 145 illiyini qeyd olunması barədə sərəncam imzalaması xüsusi əhəmiyyət kəsb edir. Bu da dövlət başçısının jurnalistlərə verdiyi yüksək qiymətin göstəricisidir”.
“Yeni Müsavat” qəzeti baş redaktorunun 1-ci müavini Azər Ayxan bildirib ki, ölkə başçısı milli mətbuatın 145 illiyi ilə bağlı sərəncamı dünən imzalayıb: ““Yeni Müsavat” media qrupuna aid olan saytlar və qəzet onlayn rejimdə işlədiyi üçün hələlik bunu ciddi şəkildə müzakirə edib bir qərara gələ bilməmişik. Amma yəqin ki, bu gün və ya sabah bununla bağlı son təkliflərimiz hazırlanıb təqdim olunacaq”.