1 İyul 2020 16:03
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın Corc Vaşinqton universiteti ilə Azərbaycan Dövlət Pedoqoji universiteti menecer ixtisası üzrə tələbə qəbulu elan edib. Tədqiqat bacarıqlarını formalaşdırmaq istəyən bütün şəxslərə bu fürsətləri dəyərləndirməyi tövsiyə edirik.

Teleqraf.com xəbər verir ki, bu sözləri “2019-2023-cü illərdə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili, eyni zamanda UFAZ-da magistratura proqramının həyata keçirilməsi ilə bağlı onlayn mətbuat konfransında Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli deyib.

O bildirib ki, universitetlərə qəbul iyulun 20-nə qədər davam edəcək: “Həmçinin ADA ilə Corc Vaşinqton Universiteti arasında data analitika üzrə proqram imzalanıb. Hazırda tələbə qəbulu prosesi yekunlaşır və proqram sentyabrdan başlayacaq.

Onu qeyd edim ki, iki yeniliyimiz var: Tezliklə Türkiyənin Egey Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında kənd təsərüfatının 4 istiqaməti üzrə müqavilə imzalanacaq. Bu proqramla təhsil alanlar həm Egey Universitetinin, həm də Aqrar Universitetin diplomunu alacaq. Koreya universitetləri ilə mühəndislik ixtisası üzrə də müqaviləmiz var ki, bu proqramı seçən tələbələr 3 il Azərbaycanda, 1 il Koreyada təhsil alacaq. Bütün bu proqramlar tamamilə pulsuz həyata keçirilir”.

Qeyd edək ki, konfrans nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun moderatorluğu ilə keçirilir. Konfransda “2019-2023-cü illərdə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən Mujdat Həsənov və Azərbaycan – Fransız Universitetinin direktoru Vazeh Əsgərov iştirak edir.


Müəllif: Teleqraf.com