Həftənin şənbə günü, iyul ayının 4-də Azərbaycanın milli aviadaşıyıcısı Bakı-İstanbul Bakı marşrutu üzrə daha bir xüsusi reys yerinə yetirəcək.
Bu barədə Teleqraf.com-a Azərbaycan Hava Yollarından (AZAL) məlumat verilib.
Aviabilet satışı aviaşirkətin rəsmi www.azal.az saytında başlanıb.
Bakı-İstanbul-Bakı istiqamətində uçuş “Airbus A320” təyyarəsində ekonom sinifdə 168 sərnişin nəzərdə tutulmaqla yerinə yetiriləcək.
Tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı zamanı tətbiq edilən tariflərlə analojidir.
Tələbələr aviabilet alışı zamanı 30% həcmində güzəştdən yararlana biləcəklər. Bu məqsədlə aviaşirkətin saytında təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərilməlidir. Güzəştli aviabiletin rəsmiləşdirilməsi üzrə ətraflı videotəlimatla burada tanış ola bilərsiniz: https://youtu.be/HylsY0m9cEM
Xatırladırıq ki, yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçən sərnişinlər buraxılacaq. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə aşağıda tanış ola bilərsiniz:
- İnci laboratoriyası. Ünvan: Bülbül prospekti, 40. Əlaqə telefonu: +994 51 229 49 80;
- Referans kliniki laboratoriya mərkəzi. Ünvan: Mirzəbala Məmmədzadə küçəsi. Əlaqə telefonu: +994 70 653 00 33;
- Memorial Klinik. Ünvan: Qara Qarayev prospekti, 38a. Əlaqə telefonu: +994 12 520 30 40.
Daha əvvəl məlumat verildiyi kimi, İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən "Memorial Sağlık Grubu" klinikaları və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan digər klinikalardan biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi
İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə Nazirliyi (və ya digər səlahiyyətli orqanı) tərəfindən sertifikasiya olunan laboratoriyadan yaxud yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində müayinədən keçməsi barədə arayış təqdim edə bilər.
İstənilən halda test uçuşdan ən gec 48 saat əvvəl verilməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Bu məqsədlə, uçuş zamanı özünütəcrid rejimində ola biləcəkləri yaşayış ünvanını qeyd etməklə bəyannamə doldurulmalıdır. 8103 nömrəsinə SMS göndərməklə alınan icazələr həmin şəxslərə şamil olunmayacaq.
AZAL-ın yeni qaydalarına əsasən yalnız qadın əl çantasının və ya kişi portfelinin, yaxud 30x35x10 sm ölçüdən böyük olmayan portativ kompyüter üçün çantanın (çanta yalnız təyinatı üzrə istifadə edilməlidir) əl yükü qismində daşınmasına icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər qeydiyyatdan keçirilərək baqaj bölməsinə təhvil verilməlidir. "Duty Free" mağazalarından alınan əşyaların da təyyarədə əl yükü qismində daşınması qadağandır.