2 İyul 17:15
686

AMEA Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, professor İdris Abbasov koronavirusa yoluxub.

Teleqraf.com xəbər verir ki, bu barədə professor özü sosial şəbəkədə məlumat yayıb:

“Ev şəraitində beşinci sistemden sonra vəziyyətim sabitdir. Həyat yoldaşımda səkkizinci sistemdən sonra da boğulmalar tez-tez tutur. Boğulma əleyhinə bir neçə venadaxili dərman vasitələri qəbul edib, bir qədər yüngülləşən kimi mənim sistemimi qoşur. Ümid Allaha və bir-birimizədir yalnız. Evdə hökm sürən gərginlik təbii ki, uşaqlara da travmadır. Real şərait onları da müalicə prosesinin vacib subyektlərinə çevirib".

Ziyalılar İdris Abbasovun müalicəsinin müvafiq xəstəxanada ciddi nəzarət altında aparılması üçün sosial şəbəkədə çağırış ediblər.

Tənqidçi Əsəd Cahangir sosial mediada professorun vəziyyətinin getdikcə ağırlaşdığını yazıb: “Hazırda o, min yüz səhifəlik “Azərbaycan dilinin orijinal qrammatikası” əsərini italyan dilindən dilimizə çevirir və tərcümə, demək olar ki, çapa hazır vəziyyətdədir. Onun koronavirusa yoluxması, durumunun ağırlaşması da bu tərcümə üzərində üç il ərzində gecə-gündüz çalışması ilə bağlıdır. Fiziki cəhətdən xüsusi sağlamlığı ilə seçilməyən İdrisə bu qədər gərgin zehni zəhmət qəti olmazdı. Üstəlik də maddi baxımdan problemlər içində olan bir vaxtda. İdris belə məsələləri açıb-ağartmağı heç vaxt sevməyib.

İndi bilirəm ki, bu açıqlamam onun ürəyincə olmayacaq. Bu, mənim öz təşəbbüsümdür. Bütün şüurlu ömrünü fədakarcasına elmə həsr edən bir şəxs bu ölüm-dirim savaşında niyə tək qalmalıdır? Niyə ev şəraitində, öz cüzi vəsaiti hesabına müalicə olunmalıdır? Niyə çalışdığı təşkilat, əlaqədar qurumlar onun həyatına belə etinasız yanaşmalıdır?

İdris Abbasov on ildən artıq Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi Naxçıvan Nümayəndəliyinin rəhbəri işləyib. Amma bir adam belə deyə biıməz ki, bu on ildə kimdənsə bir qəpik rüşvət alıb, haram qazanca əl atıb.

Bəlkə elə etsəydi, heç bu gün hər hansı yardıma, dəstəyə ehtiyacı olmazdı. Məsələni çətinləşdirən daha bir məsələ isə alimin həyat yoldaşının da hal-hazırda daha ağır yoluxmaya məruz qalmasıdır".


Müəllif: Yeganə Oqtayqızı