3 İyul 2020 18:42
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dərmanların satışına davamlı nəzarət edilir.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Lakin insanların evdə özünü müalicəsi tövsiyə olunmur. Bu, onlarda ağırlaşma halları yaradır və həkimlərimizin işini daha da çətinləşdirir".

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı əlavə edib ki, virusa qarşı bəzi dərman preparatların adlarının çəkilməsi ilə vətəndaşların bu dərmanları kütləvi şəkildə alması müşahidə olunur: "Bəzi dərmanlar var ki, vətəndaşlar onları həkim resepti ilə alıb, qəbul edə bilər. Lakin bir sıra dərmanlar xəstəxana şəraitində istifadə edildikdə belə riskli ola bilir. Hazırda xəstəxanalarımızda kifayət qədər dərman ehtiyatı mövcuddur və gətirilməsi davam edir".

O bildirib ki, evdə müalicədə istifadə olunan dərmanlar xəstələrə veriləcək: "Hökümət tərəfindən təklif və tələblər müəyyən olunub və bu istiqamətdə işlər aparılacaq. Hazırda heç bir dərman qıtlığı yoxdur".

TƏBİB sədrinin sözlərinə görə, müalicə prosesinə yeni tibb müəssisəsi qoşulduqca, müəyyən problemlər yaranır: "Xəstəxanalardakı problemlər aradan qaldırılır və monitorinqlər aparılır. Heç bir xəstənin süni tənəffüs aparatına qoşulmasında gecikmə müşahidə oluna bilməz. Proseslər gecikir, gecikmiş hallarda xəstələr boğulma ilə xəstəxanaya daxil olur. Bu halda xəstəni süni tənəffüs aparatına qoşmadıqda, o, öz həyatını itirəcək. Vətəndaşlar bu məsələyə həssas yanaşmalıdırlar".

Şahmar Mövsümov qeyd edib ki, sosial şəbəkələrdə yayılan iradlar araşdırılır və hər biri qeyd olunaraq həll ediləcək.


Müəllif: Aysel Azad