COVID-19 vaksini üçün böyük ümidlərə qapılmaq lazım deyil. Vaksində əsas məsələ onun kütləvi istehsala hansı müddətdə başlamasıdır. Hazırda heç bir vaksin çalışmaları virusu zərərsizləşdirmək həddinə gəlib çatmayıb.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Fövqəladə vəziyyətlər bölməsinin rəhbəri Mayk Rayan deyib.
O, il sonuna vaksinlərdən birinin təsirinin təsdiqlənə biləcəyini ehtimal edib: "Ancaq başlıca məsələ onun kütləvi istehsalıdır".
ÜST təmsilçisi bu mövzuda spekuliyasiyanın yolverilməz olduğunu vurğulayıb, hökumətləri koronavirusun birinci dalğasından dərs götürməyə səsləyib: "Dünyanı ikinci böyük dalğa bürüdükdə ölkələr birinci dalğadan dərs almağa məcburdurlar".
ÜST-ün Cenevrədəki mərkəzi ofisində mətbuat konfransı keçirən baş direktor Tedros Adhanom Qebreyesus isə koronavirus xəstəliyinin müalicəsinə önəmli təsir göstərən dərman sınağının ilk nəticələrinin iki həftə ərzində gözlənildiyini deyib.