Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən “Öyrənək və inkişaf edək - HR məktəbi” layihəsi çərçivəsində Lənkəran və Mingəçevir şəhərlərində gənclərə təlimlər keçilib.
Təşkilatdan Teleqraf.com-a verilən məlumata görə, təlimlərdə region gənclərinə insan resursları və kargüzarlıq sahəsində praktik biliklər verilib, bu sahədə mövcud qanunvericilik və qabaqcıl təcrübə geniş izah edilib. İnsan resursları üzrə fəaliyyətin əsas istiqamətləri-müsahibə aparma bacarıqları, yeni işçi qəbulu-təlimatlar, tələblər, ilkin qəbul təlimləri, motivasiya tədbirləri, insan resurslarının idarəçiliyi, karyera planlaşdırılması, sənədlərin idarəedilməsi və dövriyyəsi, vəzifə təlimatları və “Əmək Məcəlləsi” gənclərə interaktiv təlim metodlarıyla çatdırılıb.
Layihənin təlimçisi Ceyhun Abbasov “Əmək müqaviləsi” bildirişi üzrə elektron informasiya sistemi, elektron hökümət portalı və ondan istifadə barədə gəncləri maarifləndirərək əyani şəkildə bir neçə elektron xidmətdən yararlanmağın yollarını göstərib.
Təlimlər qarşılıqlı fikir mübadiləsi və sual-cavab üzərində qurulub, region gənclərinə insan resursları və kargüzarlıq sahəsində maksimum bilgi verilməsinə çalışılıb.
Təlimlərin sonunda iştirakçı gənclərə paylama materialları və sertifikatlar təqdim edilib.
BƏXTİYAR