Qusar rayon polis şöbəsinin əməkdaşları rayon ərazisində keçirilən reydlər zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbirlər görüb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.
Məlumata görə, şöbə əməkdaşlar keçirdiyi tədbirlərlə xüsusi karantin qaydalarını pozaraq rayon ərazisinə istirahət məqsədi ilə gələnlər aşkarlanaraq məsuliyyətə cəlb olunublar.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və cərimələniblər.
Qayda pozan şəxslər arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək ailəsi ilə birlikdə istirahətə gələnlər də olub.
Bu istiqamətdə tədbirlər Qusar rayon polis şöbəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdiriləcək.