Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2014-cü ilin ikinci yarımili üçün İş Planına uyğun olaraq Goranboy rayonunda Naftalan şəhər, Goranboy, Xocalı rayon uşaq musiqi və incəsənət məktəbləri rəhbərlərinin iştirakı ilə məktəblərdə tədris işinin təşkili ilə bağlı zona müşavirəsi keçirilib.
Teleqraf.com xəbər verir ki, sözügedən rayonların uşaq musiqi və incəsənət məktəblərinin direktor, və pedaqoji kollektivlərin üzvləri ilə görüş zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamları, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əmr və kollegiya qərarları, Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsi, Tədris Planları, Tədris Proqramlarının tələb və müddəaları ilə bağlı zəruri məlumat və izahatlar verilib.
Müşavirədə iştirak edən məktəblərin 2013/2014-cü dərs ilinin yekunlarına dair bir sıra sənədlərində aşkar edilmiş nöqsanlar məktəb rəhbərlərinin diqqətinə çatdırılıb və yeni dərs ilinin başlanması ilə bağlı müvafiq tövsiyələr verilib.
Müşavirə zamanı direktor və direktor müavinlərinə ayrı-ayrı fənlər üzrə yeni hazırlanmış Tədris Proqramları və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən hazırlanan "Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində tədris kabinetlərinin (sinif otaqlarının) tərtibatı"na dair metodiki tövsiyələr paylanıb, onların tədris prosesinə tətbiqi ilə bağlı zəruri izahatlar verilib.
İlhamə