Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı fabrikə yaxın ərazilərdə havaya qatı tüstü yayılıb. Yanğının ətraf mühitə təsirini müəyyənləşdirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə yollanıb, ərazidə monitorinq keçirib və atmosfer havasından nümunələr götürüblər.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, aparılan analizlərin nəticələrinə əsasən, yanğının baş verdiyi ərazinin ətrafında dəm qazı 5,6, benzol 1,3, toluol 1,2, etil benzol 23,3, meta-ksilol 2,7, orto ksilol 2,4 dəfə yol verilən qatılıq həddini keçib.
Ərazidəki atmosfer havasının hazırkı vəziyyətinin öyrənilməsi məqsədilə, bu gün fabrikə yaxın yaşayış məntəqələrində havadan təkrar nümunələr götürülüb və nəticəsi barədə əlavə məlumat veriləcək.