Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinin icrası ilə bağlı məhkəmə-hüquq sistemində, o cümlədən Baş Prokurorluqda aparılan islahatlar Hərbi prokurorluğu da əhatə edib.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların formalaşdırılması, habelə Baş Prokurorluğun strukturuna uyğunlaşdırılmasını təmin etmək məqsədilə Baş prokuror tərəfindən Hərbi Prokurorluğun yeni strukturu təsdiq edilib və buna uyğun təyinatlar həyata keçirilib.
Hərbi Prokurorluğun strukturu mahiyyətcə yenidən formalaşdırılaraq daha çevik, mobil və dinamik idarəetməyə malik idarə və şöbələr yaradılmış, idarəetmədə nəzarət mexanizminin optimallaşdırılması məqsədilə Hərbi prokurorun əlavə müavini vəzifəsi təsis edilmiş, bəzi idarələr və şöbələr ləğv edilərək onların bazasında Kriminalistika və informasiya texnologiyaları, Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarələri, Təşkilat və icraya nəzarət, Hüquqi təminat və insan hüquqları məsələləri, Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması, Sənədlərlə və müraciətlərlə işin təşkili şöbələri yaradılıb.
Belə ki, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Fuad Məmmədova Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsi həvalə edilib, Bəhruz Əhmədov İstintaq idarəsinin, Emil Kərimov Kriminalistika və informasiya texnologiyaları idarəsinin, Natiq Həsənov Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin, Emil Tağıyev Xüsusi istintaq, Mehdi Hüseynzadə İstintaqa nəzarət, Səfər Əhmədov Dövlət ittihamının müdafiəsi, Rövşən Əfəndiyev Təşkilat və icraya nəzarət, Səməd Əliyev Hüquqi təminat və insan hüquqları məsələləri, Nahid Şıxəliyev Sənədlərlə və müraciətlərlə işin təşkili, Emil Xankişiyev Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması, Elmir Süleymanlı Kadrlar şöbəsinin rəisi vəzifələrinə, Ağakişi Acalov isə İstintaq idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlərlə, Şöhrət Qəhrəmanova Şəmkir hərbi prokuroru vəzifəsinin icrası həvalə edilib, Samir Əzimzadə Bakı hərbi prokurorunun müavini, Camal Məmmədov Tərtər hərbi prokurorunun müavini, Elçin Quliyev isə Şəmkir hərbi prokurorunun müavini vəzifələrinə təyin ediliblər.
Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətinndə islahatlar davam etdirilir.