AzTV-nin koronavirusa yoluxmuş aparıcısı Ülfət Rəhim sağalıb.
Teleqraf.com xəbər verir ki, Ülfət Rəhim sosial şəbəkədə bu sözləri yazıb:
“Əzizlərim, doğmalarım, dost və həmkarlarım. Bilirəm, hər biriniz mənə görə çox narahatsınız, zəng edirsiniz, "Whatsapp"a yazırsınız. Hamıya cavab verə və ya yaza bilmirəm. Bilənlər bilir, artıq xeyli müddətdir evdəyəm. Müalicəm tam başa çatıb, şükürlər olsun. Analizlərin cavabları da gözəl çıxıb. Çətin bir dönəmdən keçdim.
Bu dönəmdə mənə dəstək olan hər bir kəsə - doğma televiziyamın (AzTV) rəhbərliyindən tutmuş, akademiyamızın və çalışdığım redaksiyanın əziz kollektivindən ta ki digər redaksiyalarda çalışan həmkarlarıma kimi, mənə görə təlaş və qorxu keçirən qohumlarım və candan yaxın, doğma bildiyim insanlarıma dərin təşəkkürümü bildirirəm.
Mən duanın gücünə çox inanıram. Kiminsə duasında olmaq ən gözəl şeydir. Mən isə bu dönəmdə bir yox, iki yox, çox-çox insanın duasında oldum. Böyük Yaradana şükürlər olsun ki, bu dualar qəbul olundu. “Semaşko” xəstəxanasının nəznindəki modul tipli xəstəxananın həkim kollektivinin əməyi və sizin dualarınız mənim yardımçım oldu.
Mən bir müddətlik ruh halımın bərpası üçün sosial şəbəkədən və "Whatsapp"dan uzaqlaşmalı olduğum üçün bir çoxlarının yazdıqlarını cavabsız qoymaq məcburiyyətindəyəm. İnanıram ki, məni anlayacaqsınız. Neqativ statuslar, xəbərlər bu həssas dönəmdə çox incidir insanı. Amma hər biriniz ağlımda və qəlbimdəsiniz. Hər birinizə sidq-ürəkdən can sağlığı arzu edirəm! Qoruyun özünüzü, doğmalarınızı, sevdiklərinizi! Yaxşı ki, varımsınız!".