9 İyul 2020 13:54
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar jurnalist, yazıçı-publisist, "Tərəqqi" medallı Ziyəddin Sultanovun səhhəti pisləşib, o, ağır vəziyyətdədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə bildirib.

“Çox zəng elədik, heç olmasa, səsini eşitmək, hansısa bir arzusunu yerinə yetirmək istədik. Əlimiz çatmadı, ünümüz yetmədi. Ağsaqqalımız Əhməd İsayevin, dostumuz Tahir Aydınoğlunun Ziyəddinlə əlaqə saxlamaq cəhdləri alınmadı. Mənim də zəngim cavabsız qaldı... Nəhayət, Tahir Aydınoğlu Ziyəddinin bir cümləsini eşidə bildi... Deməli, vəziyyəti kritik olaraq qalır. Ümid Allahın mərhəmətinə və bizim dualarımızadır...

Ziyəddin Sultanov təkcə etibarlı dost, gözəl jurnalist deyil, həm də Ahıl Jurnalistlər Məclisinin Qarabağ bölgəsi üzrə nümayəndəsidir. Ümid edirik ki, əziz dostumuz tezliklə şəfa tapacaq, yenidən öz qələminə sarılacaq, işini davam etdirəcək, hamımızı sevindirəcəkdir”, - Məzahir Süleymanzadə bildirib.

Qeyd edək ki, Z.Sultanov 1952-ci ildə Ağdamın Mollallar kəndində anadan olub. 1960-cı illərin ikinci yarısından mətbuat aləminə addım atıb. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə “Gənclik” nəşriyyatında redaktor kimi başlayıb (1979). “Azərbaycan gəncləri” qəzetində müxbir, “Kommunist” qəzetində müxbir və Qarabağ bölgəsi üzrə xüsusi müxbir işləyib, hazırda isə “Xalq qəzeti”nin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri vəzifəsində fəaliyyət göstərir.

“Qarabağ gündəliyi”, “Qarabağın qara günləri”, “Xocalı faciəsi”, “Ağdərədən gələn var”, “Əsirlər, itkinlər, girovlar”, “Qarabağ müharibəsi: faktlar, hadisələr, düşüncələr”, “Ürək dözmür ayrılığa”, “Göylərdən gələn gəlin”, “Gəlin gedək Qarabağa” və digər kitabları maraqla qarşılanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər