9 Oktyabr 2014 02:27
1 669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində XIX əsrə aid məktublar aşkar edilib.

Muzeyin direktoru, tarixçi-etnoqraf Cahangir Sultanov bildirib ki, məktublardan dördü XIX əsrdə Qafqazın tanınmış hərbi-siyasi xadimi, müridizm hərəkatının liderlərindən biri, sonuncu İlisu sultanı Daniyal bəyə aiddir. Bu məktublar Daniyal bəy tərəfindən yazılıb və məktublara onun şəxsi möhürü vurulub. Digər məktub isə Qərbi Qafqaz dağlılarının azadlıq mübarizəsinə rəhbərlik etmiş Məhəmməd Əminə ünvanlanmış möhürlü məktubdur.

Teleqraf.com-un məlumatına görə, tarixçi deyib ki, Məhəmməd Əmin XIX əsr Qafqaz müharibəsinin tanınmış hərbi-siyasi xadimlərindən biri olub. O, 1839-1861-ci illərdə hakimiyyətdə olmuş Osmanlı sultanı Abdulməcidin xüsusi rəğbətini qazanmaqla, Osmanlının generalı rütbəsini alıb.

Məhəmməd Əmin Krım müharibəsi (1853-1856) zamanı ingilis-fransız komandanlığının nümayəndələri ilə Bolqarıstanın Varna şəhərində müstəqil diplomatik danışıqlar aparıb. C.Sultanovun bildirdiyinə görə, bu sənədlər indiyədək elmi dövriyyədə olmayıb.

Bu məktublar çar Rusiyasını uzun illər ərzində lərzəyə salmış müridizm hərəkatında Daniyal sultanın oynadığı rolun aydınlaşdırılmasında, eləcə də XIX əsr Qafqaz müharibəsinin tarixinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Tapılmış sənədlər tarix-diyarşünaslıq muzeyinin əlyazmalar fonduna daxil edilib.


Müəllif:

Oxşar xəbərlər