Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili 2008-ci ildə Rusiya ilə müharibə vaxtı 1 milyard lari (690 milyon dollar) dəyərində silahın yoxa çıxdığını iddia edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə “İmedi” telekanalına müsahibəsində danışıb.
Müdafiə naziri qeyd edib ki, Gürcüstan ordusunun həqiqətən də bu silahlara sahib olduğuna dair heç bir sübutları yoxdur.
O, həmin vaxt Müdafiə naziri olan David Kezeraşvilini maliyyə fırıldaqçılığında ittiham edib: “Hərbi büdcədən silahların alınması üçün yüz milyonlarla dollar ayrılmışdı”.
Onun sözlərinə görə, 2008-ci ilin avqustunda Rusiya ilə müharibə zamanı Gürcüstan ordusuna misli görünməmiş zərər dəyib: “Bizim bir sualımız var: həqiqətən bu həcmdə silah satın alınıb? Yüz milyonlarla dollarlıq uydurma satınalmalar, saxta əməliyyatlar əsasında ofşor şirkətlərə köçürmələr barədə təsdiqlənmiş məlumatlar var”.
Qaribaşvili hesab edir ki, bu, Gürcüstanın beynəlxalq tərəfdaşlarının da bu prosesə daxil edilməsi ilə araşdırılmalı olan nəhəng transmilli cinayətdir.
Müdafiə naziri əlavə edib: “Keçmiş prezident Mixail Saakaşvilinin əmisi Temur Alasaniya qanunsuz silah ticarəti işində iştirak edib”.
O qeyd edib ki, Gürcüstan, onun xalqı və ordusu qarşısında böyük bir cinayət törədilib.