Dünyada tüğyan edən, milyonlarla can alan virusla mübarizə ərəfəsində, hamının öz canının, işinin hayına düşdüyü bir vaxtda ölkəmizdə bir xanım balaca balaların başını qatmaq, onları həm əyləndirmək, həm də öyrətmək məqsədi ilə, öz əlində olan imkanlarla internet platforması üzərindən “BağçaTV” layihəsini yaratdı.
Bu kanal həm sosial təcrid dönəmində ibtidai təhsildən geri qalan azyaşlılara dəstək oldu, həm də valideynlərin təhsillə bağlı narahatlıqlarını bir nəbzə azalda bildi.
Uşaqları çox sevən İradə Aytellə müsahibəni sizə təqdim edirik.
- İradə xanım, sosial təcrid dönəmində valideynlərə dəstək vermək üçün internet bağça modeli yaratdınız. Bu, həqiqətən çox maraqlı və qürur duyulacaq təşəbbüsdür. Bəs, necə oldu ki, belə bir format ağlınıza gəldi və onu tətbiq etdiniz?
- Uzun müddət idi ki, bu barədə düşünür, həyatımızı öz axarına salmağı bacaran internet səhifələrində uşaqlar üçün maarifləndirən və əyləndirən nəsə etməyi götür-qoy edirdim. Görünür, münbit şərait elə bu təcrid günlərində olacaqmış. Əsas məqsədim isə, ölkəmizdən kənarda yaşayan, başqa millətlərin dövlət atributlarını, dilini öyrənən azərbaycanlı uşaqlara özümüzü tanıtmaq idi. Birinci buraxılışda bayrağımız haqqında danışdım, sonra gerbimiz, himnimiz, Azərbaycanın təbiəti, coğrafiyası, mədəniyyətindən söz açdım, əsgərlərimizdən, polislərimizdən, torpaqlarımızın başına gələn bəlalardan - didərginlərdən, qaçqın-köçkünlərdən danışdım, tarixi günlər barədə məlumatlar verdim. Əlbəttə, çalışdım ki, bütün bunlar uşaqların anlayacağı dildə olsun. Sonra isə başladım hərf və rəqəmləri öyrətməyə. Artıq 8 hərf, 4 rəqəmi öyrənmişik...
- Bu layihəni tamamilə öz hesabınıza həyata keçirirsiniz, yoxsa hər hansı texniki, yaxud maliyyə dəstəyi alırsınız?
- Bəli, öz hesabımadır. Əslində, elə bir avadanlığım da yoxdur. Telefonla, ev şəraitində çəkirəm. Ona görə də qüsurlarım çoxdur. Bir nəfər üçün çətindir, səs effekti olmalıdır, dekorasiya, əyani vəsait və s. Montajsız, birbaşa çəkiliş isə daha çox çətinliklər yaradır. Fikrim gah telefonda olur, gah səslənmədə, işıqlanmada, mövzuda... Tərslikdən, bu günlərdə açıq mağaza da yoxdu ki, heç olmasa ən zəruri avadanlıqları alım.
Əvvəl qaldığım ev o qədər balaca idi ki, çəkilişdə çox əziyyət çəkirdim. Sonra evi dəyişdim, divarı adi hərf və rəqəmlərlə bəzədim, özlüyümdə studiya yaratdım.
“BağçaTv”nin ilk günlərində dəyərli ziyalımız Elçin Əlibəyli çəkiliş üçün iş otağını mənə təklif etdi, lakin mənim hər gün evdən çıxmağım çətin olacaqdı, iki saatlıq vaxt sadəcə yola xərclənərdi, ona görə də Elçin müəllimin təklifini qəbul edə bilmədim.
- Bu cür əyləndirərək öyrətməyə xidmət edən materiallara cəmiyyətdə həqiqətən ehtiyac olduğu görünür. Siz bu təşəbbüsünüzlə bağlı valideynlərdən nə kimi reaksiyalar aldınız? Sizə yazan, öz fikirlərini bölüşən, təkliflərini irəli sürənlər olurmu?
- Sizə deyim ki, bu məsələdə aidiyyatı orqanlardan, ziyalılarımızdan, mətbuatdan çox, valideynlər mənə dəstək olur. Bilsəm ki, bu qədər əziyyətlə başa gətirdiyim çəkilişə cəmi bircə uşaq baxır, cəmi bir valideyn mənə minnətdar olacaq, yenə də o bir nəfər üçün bu işi edərəm. İlk buraxılışlarda çəkilişin linkini dostlara göndərərək, abunə olmağı xahiş edirdim. Normal adamlar təklifim üçün dönə-dönə təşəkkür edir, bu işin vacibliyindən danışır, hətta “nəinki uşaqlar, özüm də maraqla izləyirəm” deyə, təşəkkür edirdilər. “İradə xanım, mənim uşaqlarım böyükdür”, “Mənim uşaqlarım başqa dildə oxuyur”, “Mən uşaq deyiləm axı” - deyənlər də oldu. O adam ki, o vətəndaş ki, uşaqlar üçün maarifləndirici, tərbiyələndirici bir layihənin dəstəkçisi olmasın, o, mənimçün çox aşağıdadır. Baxın, mənim - İradə Aytelin ümumiyyətlə uşağı yoxdur. Amma mən düşünürəm ki, bütün uşaqlar mənimdir. Həyətdə səs-küy salanlar, kanalıma baxanlar, mənə öz videolarını göndərənlər (yeri gəlmişkən, kanalımda “Bağçamızın uşaqları” playlisti var, orada uşaqların video şəklində mənə göndərdikləri təklif, irad və təşəkkürlərini yerləşdirmişəm), məni sevənlər (tam səmimi deyirəm, məni tanıyandan sonra sevməyən uşaq yoxdur) - bunlar hamısı mənim uşaqlarımdır. Mən necə deyə bilərəm ki, mənim uşağım yoxdur, nəyimə gərək uşaq kanalı.
Dünən mənə bir valideyn (şərqşünas-pedaqoq Əli Rzazadə) yazır: “İradə xanım, bir də görürəm o biri otaqdan səs gəlir, səs Zeynəbindir, amma danışıq tonu eynən sizsiniz. Qapıdan dinləyirəm ki, Zeynəb uşaqları başına toplayıb, dərs keçir. Uşaqlar da ona “İradə Aytel” deyə müraciət edir”. Siz deyin, bundan gözəl mükafat varmı? İnanın, bu, mənə bəs edir. Uşaqlar üçün çəkiliş edəndə mənə elə gəlir ki, qəşəng-qəşəng, şirin-şirin, gül balalar qarşımda əyləşib, məni dinləyirlər, hətta onların gözlərini görürəm, səslərini eşidirəm və həyatın dadını çıxarıram.
- İnternet üzərindən bağça tədris modelinin qurulması ölkəmiz üçün bir yenilikdir. Bu işi davamlı görməyi və daha da inkişaf etdirməyi düşünürsünüzmü?
- Bu yeniliyi ölkədəki əlaqədar qurumlar ya görmür, ya da görməzdən gəlir. Təsəvvür edin ki, bu layihə həftəiçi TV-də yayımlanır. Çox maraqlı olmazdımı? Doğrusu, hələ TV-yə təqdim etməmişəm, düşünürəm bu barədə, ümid edirəm ki, alınar. Geniş, işıqlı, əlvan dekorasiya ilə çəkiliş meydanı və aparaturalar... İradə Aytel isə yalnız mövzusunu seçər, dərsini hazırlayar, nağılını danışar, qalanınını peşəkarlar edər, çox gözəl olardı...
- Kanalda səsləndirdiyiniz hekayələrin də hamısı öz yazarlarımıza aid olan, milli dəyərlərimizin əks etdirildiyi materiallardır. Bu cür istiqamət götürməyiniz məqsədlidir, ya təsadüf?
- Tərcümələrim də olur. İngilis saytlarında maraqlı nağıllar var, onlardan da səsləndirirəm. Amma çox vaxt öz yazarlarımızdan oxuyuram. Əvvəla ona görə ki, uşaqlar öz tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza daha çox bələd olsunlar, yazarlarımız haqqında məlumatlansınlar. Hansı müəllifdən oxusam, haqqında qısa məlumat da verirəm. Xarici nağıllara keçidi etməkdə isə məqsədim, başqa xalqlar haqqında da uşaqlara məlumat verməkdir. Məsələn, özbək xalq nağılı danışıram, uşaqlar özbək xalqını tanıyır, ingilis dilindən tərcümə edirəm, uşaqlar ingilislər barədə məlumatlanır. Bilirsiniz ki, nağıllar hər bir xalqın ruhunu özündə daşıyır. Hansısa bir xalqın nağılını oxuyuram, div gəlir adamları yeyir, ilan şiri udur, pələng çaqqalı parçalayır və s. - mən o xalqın yırtıcı xislətini görürəm, yırtıcılığın pis tərəflərini uşaqlara çatdırmaq istəyirəm. Bizim nağıllarda isə insanlıq var, ucalıq var, vətənə, anaya, canlılara sevgi var, bu fərqi anlatmağa çalışıram...
Onu da deyim, bizim müasir yazarların əksəriyyəti sosial şəbəkələrdə - xüsusən də Feysbukda aktivdirlər. Aşkarda mənim layihələrimə (“BağçaTV”, “Səsli kitab”) reaksiya vermirlər, inboxksda isə “mənim filan hekayəmi sən gözəl oxuyarsan, xahiş edirəm, səsləndir” deyə, mesajlar yazırlar. Bu, məni çox qıcıqlandırır. Halbuki dəstək ola bilərlər...
Bir məsələni də deyim, bizdə uşaqlar üçün yazan müəlliflərin əksəriyyəti uşaq psixologiyasına bələd olmadan yazır. Mənə hekayələr göndərirlər, hekayədə elə cümlələr qururlar ki, elə bil, akademik yazı yazırlar. Bəlağətli, uzun-uzun cümlələr, heç mənim dilim tutmayan sözlər, hətta şiddət, uzunçuluq, çərənçilik... Onlar anlamırlar ki, hər bir uşağın öz dünyası, öz dili var. Uşaqlar uzun cümləni sevmir, sadə, anlaşılan olmalıdır cümlələr. Uşaqlar personajlarla söhbət edir, ona görə də qəhrəmanlar da uşaqlarla danışmalıdır, uşaq dilində danışmalıdır. Uşaqlar üçün yazılan əsərlərdə uşaq həm öyrənməli, həm zövq almalı, həm də özünü o nağılda hiss etməlidir, qəhrəman olmalıdır. Bu baxımdan, bizim əksər uşaq yazarlarının əsərlərini qəbul etmirəm. Çox az yazar var ki, onlar yazanda uşaq olmağı bacarırlar.
- Ümumiyyətlə, bu gün uşaqlara, gənclərə milli mənlik şüurunun, vətənpərvərliyin düzgün təbliğ olunması çox önəm daşıyır. Sizin təşəbbüsünüz də bu istiqamətdə müəyyən qədər rol oynayır. Bu addımı atanda belə bir təbliğatı nəzərə almışdınızmı?
- Mən bu addımı atanda Tanrının insan cildində olan mələkləriylə, uşaqlarla bir yerdə olmağı, onlara Azərbaycanı, dilimizi, mədəniyyətimizi, maddi və mənəvi sərvətlərimizi tanıtmağı düşünmüşdüm.
- Bir yazıçı kimi gənc nəslin milli ruhda və vətənpərvər yetişdiyini düşünürsünüzmü? Ümumiyyətlə, sizcə, uşaqlıqdan milli dəyərlərə bağlı, vətənpərvər ruhda insan yetişdirmək üçün valideynlər nələrə diqqət etməli, müəllimlər tədris prossesində hansı xətti izləməlidirlər?
- Özüm valideyn deyiləm deyə, valideynlərə heç nə öyrədə bilmərəm. Amma mənim bir tərbiyələndirmək üsulum var - özünütərbiyə. Zamanımızın uşaqları, gəncliyi nəsihəti sevmir, tövsiyə eşitmək istəmir, tərbiyəvi nağıllar oxumurlar. İndiki nəsil görmə, qavrama sarıdan bizim nəsildən qat-qat yuxarıdadır. Onlara nəyisə et, ya etmə deyə bilməzsən. Onlar özləri nəticə çıxaracaq, həm də həyata keçirərək. Bütün bunlara görə də biz özünütərbiyə ilə gəncliyə nəyisə öyrətməliyik. Məsələn, mənim bayrağım başımın üstündədir, məni tanıyan uşaqlar belə görüb. Qardaşımın balaları da bayrağımızı ən ucada saxlayırlar. Mən dilimi çox sevirəm, torpaqlarım uğrunda mücadilə edirəm, oğurluq etmirəm, pis vərdişlərim yoxdur, ata-anaya sayğıyla yanaşıram, elmə yiyələnməyə çalışıram, nitqimə və davranışıma diqqət edirəm, heyvanlara qayğıyla yanaşıram və s. Mənim evimdə (sinfimdə, qohumlarımda, qonşuluğumda...) böyüyən uşaq da mənim kimi olmağa can atır, söhbətimizin əvvəlində demişəm, kompyuterin monitoru arxasından məni dinləyən uşağın mənim kimi danışmağa çalışdığı kimi. Mən istərdim ki, böyüklər uşaqlara, yeniyetmələrə, gənclərə inansın, onları dinləsin, uşaqlardan məsləhətlər alsınlar. Bu zaman uşaqda özgüvən yaranacaq, özgüvəni olan adam isə gələcəyə mətin addımlarla gedəcək. Bütün bunların başında isə sevgi dayanmalıdır. Valideyn övlada nə qədər sevgi verə bilsə, övlad da cəmiyyəti, həyatı o qədər sevəcək...
Bir məsələni qeyd edim, valideynlərin əksəriyyətində bir xasiyyət var, uşağı qorxudanda, hədələyəndə belə deyir: “elə etmə, polis çağırım”, “polis gələr ha” və s. Bu, çox düşüncəsiz bir yanaşmadır. Uşaq polisi sevməli, ona güvənərək böyüməlidir. Polis dövlətimizin bir parçasıdır, bu, öz yerində, amma daha çox niyə güvənməlidir? Təsəvvür edin ki, böyük bir qələbəlikdə uşaq təsadüfən itir. O uşaq gedib tanımadığı bir adama yaxınlaşmalı deyil (o adam pedofil, pis vərdişli biri ola bilər), uşaq yaxınlaşmalıdı polisə və fikrini deməlidir. Övladlarımız üçün polisdən güvənli kim var ki, valideynlər uşaqları polisdən çəkindirirlər? Bizim evdə bu məsələyə də ciddi yanaşılır. Polis, əsgər bizim uşaqların bayrağımız, gerbimiz, vətənimiz qədər sevdikləri, qürur duyduqları ali insanlardır. Bu barədə də “BağçaTV”də danışmışam.../525.az/