12 İyul 2020 17:04
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün ərzində ölkə ərazisinə yağan yağışlar nəticəsində Kiçik Qafqaz dağlarından axan Zəyəmçay, Kürəkçay və Dəstəhöçay çaylarında suyun səviyyəsinin artımı müşahidə edilib. Gəncəçayın sol qolu olan Dəstəhöçay çayında sel hadisəsi qeydə alınıb.

Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

Onun sözlərinə görə, Böyük Qafqazın cənub yamacından axan Əyriçay, Şişçay çaylarında da suyun səviyyəsinin artımı müşahidə olunub: "Əyriçay çayında sel hadisəsi qeydə alınıb. Həmin çaylar birbaşa Qanıx çayına axdığı üçün Qanıx çayında da suyun səviyyəsinin artımı baş verib. Qeyd edim ki, uzun müddət davam edən quraqlıqdan sonra yağışların yağması dağ çaylarında suyun artmasına səbəb olub. Bu da nisbətən də olsa Kür və Qanıx çaylarına öz təsirini göstərib".

Qurum rəsmisi əlavə edib ki, iyulun 18-dək qeyri-sabit hava şəraiti davam edəcək: "Arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli yağışın intensiv olacağı gözlənilir. Nəticədə çaylarda yenidən suyun artacağı, bəzi dağ çaylarından daşqın və qısamüddətli sel keçəcəyi ehtimal olunur".


Müəllif: Aysel Azad