13 İyul 2020 10:50
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən böyük, beynəlxalq, universal təşkilatı olan BMT 2020-ci il üzrə davamlı inkişaf hesabatını hazırlayaraq nəşr edib. Bu hesabatın davamlı inkişaf məqsədləri indeksində Azərbaycanın əldə etdiyi nəticələri BMT yüksək qiymətləndirir. BMT-nin çox ciddi monitorinqlərinin, hesablamalarının, təhlil və analizlərinin nəticəsi olaraq gəldiyi qənaət belədir ki, ölkəmiz dünyanın 166 dövləti sırasında məhz davamlı inkişaf məqsədləri indeksi üzrə olduqca ciddi, böyük nəticə əldə edib. Ölkəmiz bu sırada 54-cü yerə layiq görülüb.

Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

O bildirib ki, bu nəticəni qonşuluğumuzda, regionda heç bir dövlət əldə edə bilməyib: “Heç bir dövlət analoji nəticəyə sahib ola bilməyib, bunu məhz Azərbaycan dövləti edib. Təkcə bir misal çəkim, işğalçı Ermənistan həmin indeks üzrə 75-ci yerdədir.

Diqqətdən yayınmayan cəhət odur ki, davamlı inkişaf məqsədləri, bir sıra fundamental istiqamətlər üzrə Azərbaycanın əldə etdiyi nəticələr çox yüksək qiymətləndirilib. Ölkəmizin bu istiqamət üzrə əldə etdiyi nəticələr BMT-nin məlum hesabatında xüsusi olaraq vurğulanıb. Bu, ilk növbədə rifahla bağlı məsələdir.

Bildiyiniz kimi, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində ölkə vətəndaşı, onun sosial rifahı dayanır. BMT səviyyəsində etiraf olunur ki, Azərbaycan xalqın rifahı istiqamətində çox ciddi nailiyyətlərə imza atıb.

Eyni zamanda yoxsulluğun aradan qaldırılması, qidalanma, səhiyyə, əhalinin təmiz içməli su ilə təminatı yönündə, bundan başqa, enerji təhlükəsizliyi məsələlərində, xüsusilə də sülh və ədalətin dünyada təminatında Azərbaycanın nail olduğu nəticələr çox yüksək dəyərləndirilir. Bir faktı söyləyim ki, BMT-nin davamlı inkişaf indeksində ən yüksək nəticə 100 balla ölçülür. Azərbaycanın əldə etdiyi nailiyyətləri BMT-nin ali rəhbərliyi 72, 6 balla qiymətləndirib. Bu o deməkdir ki, Azərbaycanın əldə etdiyi nəticə Şərqi Avropa, eyni zamanda Mərkəzi Asiya ölkələrinin birgə orta qazandığı rəqəmdən böyükdür.

Onların birgə nəticəsi 70,9 balla ölçülür. Nəzərə alsaq ki, Şərqi Avropa ölkələrinin bir qismi NATO və Avropa İttifaqı kimi nüfuzlu qurumlara üzvdür. Azərbaycanın onları üstüləməsi göstərir ki, sözün həqiqi mənasında Azərbaycanda görülən işlər, atılmış addımlar BMT səviyyəsində dünyaya bəyan olunur”.

Elman Nəsirov qeyd edib ki, BMT-nin ali rəhbərliyi Azərbaycanda gedən islahatlar prosesini diqqətlə izləyir: “Onlar çox gözəl bilirlər ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev 2019-cu ildən başlayaraq genişmiqyaslı, hərtərəfli islahatlar kursu həyata keçirir. Bu islahatlar kursu sayəsində ölkənin həm iqtisadi inkişafında, həm sosial rifahında, infrastrukturun yenilənməsində və ixracyönümlü iqtisadiyyatın formalaşmasında olduqca ciddi irəliləyiş varb. Məhz həmin nailiyyətlər sayəsində Azərbaycan BMT-nin inkişaf məqsədləri üzrə o indeksdə çox yüksək nəticələr göstərməyə nail olub.

Yəqin ki, burada diqqətdən yayınmayan bir başqa məqam da var ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin qlobal təhlükə mənbəyi olub, bütün dünya ölkələrini hədəfə alan koronovirus pandemiyasına qarşı beynəlxalq səyləri birləşdirmək istiqamətində atdığı addım, yəni BMT Baş Məclisinin xüsusi sessiyasının çağırılması təşəbbüsü də BMT ali rəhbərliyinin nəzərindən yayınmayıb”.


Müəllif: Aysel Azad