Prezident İlham Əliyev 2005-ci ildə "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" haqqında sərəncam imzaladı.
Sərəncam "Bədən tərbiyəsi və idman haqqında" Qanuna, habelə bədən tərbiyəsi və idmana aid digər normativ hüquqi aktlara uyğun olaraq futbol sahəsində dövlət siyasətinin həyata keçirilməsini nəzərdə tutur. Dövlət Proqramının qəbulunda əsas məqsəd ölkədə futbolun və onun infrastrukturunun inkişaf etdirilməsini, futbol la məşğul olmaq üçün müvafiq şəraitin yaradılmasını, köhnə stadionların bərpasını, yenilərinin layihələndirilməsini və tikintisini, beynəlxalq səviyyəli futbolçuların, məşqçilərin, hakimlərin və bu sahə ilə məşğul olan digər mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir. Proqramdan irəli gələrək hər il ölkəmizdə futbol yarışları keçirilir. Belə yarışlar içərisində 2012-ci ildə 17 yaşadək qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin Bakıda keçirilməsi xüsusi olaraq yadda qalıb. Dövlət Proqramına uyğun olaraq, Azərbaycanda futbolun inkişafı və təbliği məqsədi ilə 2020-ci ildə futbol üzrə Avropa çempionatının ölkəmizdə keçirilməsi üçün AFFA tərəfindən Bakı şəhərinin namizədliyi də irəli sürülüb. Məhz buna görə də Prezident İlham Əliyev 22 may 2013-cü ildə "2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Bu sərəncamla 2020-ci ildə futbol üzrə Avropa çempionatının təşkil edilməsi ilə əlaqədar namizədliyin qəbul edilməsi proseduruna uyğun olaraq, Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) təqdim edilmək üçün sifariş kitabının hazırlanması qərara alınıb.
Sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi AFFA-ya həvalə olunub. AFFA-nın prezidenti Rövnəq Abdullayev sifariş kitabının hazırlanması məqsədilə ilə 2013-cü ilin iyul ayında AFFA-nın baş katibi Elxan Məmmədovun rəhbərliyi ilə 8 nəfərdən ibarət İşçi Qrupun yaradılması haqqında əmr imzalayıb. Əmrin icrasına nəzarəti AFFA-nın prezidenti R.Abdullayev bilavasitə öz üzərinə götürüb. Nəhayət, 2014-cü ilin aprel ayında AFFA tərəfindən sifariş kitabı hazırlanıb və təyin olunmuş vaxtdan əvvəl UEFA-ya təqdim olunub. Cari ilin sentyabr ayının 19-da isə İsveçrənin Cenevrə şəhərindəki "Espace Hippomene" Sərgi Mərkəzində AVRO-2020-ni qəbul edəcək 13 ölkəni təmsil edən şəhərlərin müəyyənləşdirilməsi üçün UEFA İcraiyyə Komitəsinin iclası keçirilib. Bu tarixi iclasda Azərbaycanı AFFA-nın prezidenti R.Abdullayevin rəhbərliyi ilə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, futbol veteranı, AFFA-nın İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov, futbol veteranı, 1988-ci il Olimpiya çempionu İqor Ponomaryov, AFFA-nın Apelyasiya və Ekspert Komitəsinin sədri, Milli Məclisin deputatı Muxtar Babayev, AFFA-nın baş katibi, Baku-2020 İşçi Qrupun sədri E.Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts, AFFA-nın baş sponsoru olan SOCAR-ın nümayəndəsi Zaur Qəhrəmanov və digər şəxslərdən ibarət nümayəndə heyəti təmsil edib.
Həyəcanlı anlarla yadda qalan UEFA İcraiyyə Komitəsinin iclasında AVRO-2020-nin Bakı (Azərbaycan), Kopenhagen (Danimarka), Dublin (İrlandiya), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Roma (İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya) və Brüssel (Belçika) şəhərlərində keçirilməsi müəyyən olunub. Bunlardan 4-ü - Bakı, Münhen, Roma, Sankt-Peterburq qrup oyunlarından sonra 1/4 finalı qəbul edəcək. Digər 8 şəhərdə isə 1/8 final qarşılaşmaları baş tutacaq. Qaydalara əsasən, bu şəhərlərdən 12-i, o cümlədən Bakı qitənin ən nüfuzlu futbol turnirinin 4 matçını qəbul edəcək. Beləliklə də ev sahiblərinə AVRO-2020-nin qrup mərhələsinin üç, pley-offun bir (1/8 və ya 1/4 final) görüşünü təşkil etmək hüququ verilib. London isə yarımfinal qarşılaşmalarını və final matçını təşkil edəcək. Həlledici qarşılaşma "Uembli" stadionunda keçiriləcək.
Avro-2020-nin final mərhələsinin 4 oyununun Bakıda keçirilməsinə münasibət bildirən AFFA prezidenti R.Abdullayev bu qərarın son dərəcə sevindirici olduğunu söyləyib. O qeyd edib ki, Azərbaycan tərəfi oyunların yüksək səviyyədə keçirilməsinə tam hazırdır: "2020-ci ildə təşkil olunacaq Avropa çempionatının 4 oyununun Bakıda keçirilməsi ilə bağlı qəbul olunmuş qərar hər birimiz üçün çox sevindiricidir. Bu münasibətlə ölkəmizin bütün futbolsevərlərini təbrik edirəm. Bakının Avropanın ən inkişaf etmiş 13 şəhərinin sırasına düşməsi, paytaxtımızda qitənin mötəbər turnirinin oyunlarının keçirilməsi ölkəmizin idman həyatında əlamətdar hadisədir. Bu, hər birimizin uğurudur. İnanıram ki, bu, idmanın inkişafına öz töhfəsini verəcək. Avropa çempionatı kimi nüfuzlu bir turnirin oyunlarına ev sahibliyi etməyimiz Prezident İlham Əliyevin apardığı uğurlu idman siyasətinin nəticəsidir. Bir daha ölkəmizin futbolsevərlərini və möhtərəm Prezidenti bu əlamətdar hadisə münasibətilə təbrik edirəm".
UEFA prezidenti Mişel Platini seçimlər barədə danışarkən hər şeyin yaxşı olduğunu bildirib. O, yarışların keçiriləcəyi tarixə diqqət çəkərək, hazırlaşmaq üçün xeyli vaxt olduğunu vurğulayıb: "Azarkeşlərin çox gözəl turnirdə iştirak edə bilməsi üçün çalışmaq gərəkdir. Bu ölkələri seçməkdə məqsədimiz, onların böyük beynəlxalq aeroportlarının olmasıdır. Seçim, milli komandaların gücü və ya ölkələrin turizm cazibədarlığı ilə diqtə edilməmişdi. Bizim meyarlarımız aeroportlara, həmçinin də nəqliyyat vasitələrinə aiddir".
Millimizin baş məşqçisi B.Foqts Bakının "Avro- 2020"-yə ev sahibliyi edəcək şəhərlər arasında olmasını Azərbaycan üçün böyük uğur adlandırıb: "Bakı möhtəşəm şəhərdir. Son illərdə Azərbaycan futbolu inkişaf edir. Burada yeni stadionlar, akademiyalar tikilir. Futbola böyük sərmayə yatırılır. Bakı "Avro-2020"-yə ev sahibliyi etməyə layiq idi".
"Neftçi" klubunun prezidenti Sadıq Sadıqov Bakının "Avro-2020"-nin 4 oyununa ev sahibliyi edəcək şəhərlərdən biri kimi təsdiqlənməsi münasibətilə AFFA prezidentinə ünvanladığı təbrik məktubunda bu hadisənin Azərbaycan futbolu tarixinə qızıl hərflərlə yazılacağını bildirib: "Prezident İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın müddəaları rəhbərlik etdiyiniz AFFA tərəfindən uğurla həyata keçirilir. Bunun nəticəsi olaraq Azərbaycan futbol ictimaiyyəti daha bir tarixi nailiyyətə sevindi. Bakının adı 2020-ci ildə Avropa çempionatına ev sahibliyi edəcək şəhərlər siyahısında səsləndirildi. Təbii ki, bu hadisə Azərbaycan futbolu tarixinə qızıl hərflərlə yazılacaq".
"Het-trik news" qəzetinin baş redaktoru, idman jurnalisti İlqar Tağıyev "Avro-2020"-nin 4 oyununun Bakıda keçirilməsi ilə bağlı UEFA-nın qərarını ilk növbədə ölkəmizin dünyada daha da tanınması baxımından mühüm hadisə kimi qiymətləndirib. O deyib ki, paytaxtımızın namizədliyinin qəbul olunması Azərbaycanda bir çox sektorların inkişafı ilə yanaşı, futbol təsərrüfatımıza da yaxşı mənada təsirsiz ötüşməyəcək: "Məlum məsələdir ki, 2020-ci ildə keçiriləcək qitə birinciliyinin final mərhələsində Azərbaycan yığmasının da iştirak etməsinə çalışacağıq. Bu baş verərsə, komandamız ən azı 2 oyunu Bakıda keçirəcək. Hələ qarşıda 5 ildən çox vaxt var. Deməli, düzgün qurulacaq fəaliyyət nəticəsində bu arzunu rellaşdırmaq mümkündür. Bunun üçün isə ilk növbədə uşaq futboluna diqqət artırılmalıdır. Axı, 2020-ci ildə yığmanın şərəfini qoruyacaq futbolçuların əksəriyyətini indiki uşaqlar təşkil edə bilər. Uşaq futbolunun inkişafı üçün isə idmanın bu sahəsində, əsasən də bölgələrdə kütləvilik artırılmalı, yeni-yeni stadionlar inşa edilməli, futbol məktəbləri açılmalı və digər lazımi işlər görülməlidir. Doğrudur, son illər futbolumuzda xeyli inkişaf hiss olunur. Yeni-yeni stadionlar tikilir, klubların maddi-texniki bazaları genişlənir, futbol məktəbləri təsis edilir, kütləvilik ildən-ilə artır. Buna da səbəb hələ 2005-ci ildə Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında imzaladığı sərəncamdır. Bu sərəncamdan sonra Azərbaycan futbolunun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu əminliklə söyləmək olar. Avro 2020-nin Bakıda keçirilməsi isə futbolumuzun inkişafında yeni mərhələ olacaq. Bundan isə maksimum yararlanmaq lazımdır. İnanıram ki, dövlətimizin qayğısı sayəsində 2020-ci ildə Azərbaycan futbolunu tamam başqa formada, daha da inkişaf etmiş, Avropa ölkələri ilə rəqabət apara biləcək səviyyədə görəcəyik. Həmin vaxta kimi görüləcək işlər və təşkilatçılığın yüksək səviyyədə qurulması gələcəkdə daha böyük turnirlərin, məsələn, dünya çempionatının Azərbaycanda keçirilməsinə də nədən ola bilər. İmkanlarımız və bacarığımız varsa, niyə də olmasın?"
Jurnalist, futbol həvəskarı İlham Quliyev də Avropa Çempionatı oyunlarının Bakıda keçirilməsini tarixi uğur kimi qələmə verib. O, futbolun yalnız idman növü deyil, eyni zamanda, əla təbliğat vasitəsi olduğunu diqqətə çatdıraraq, oyunların paytaxtımızda keçirildiyi zaman bütün dünyanın gözünün Azərbaycanda olacağını, beynəlxalq aləmin ölkəmizi daha yaxından tanıyacağını vurğulayıb: "Futbol, bu, təkcə idman növü deyil. Həm də siyasət, təbliğat vasitəsidir. Ən azı 4 gün bütün dünyanın diqqəti Azərbaycana yönələcək. Bu, həm də böyük pullar, turizm üçün təbliğat deməkdir. Avro-2020-nin 4 oyununun Bakıda keçirilməsi orta hesabla paytaxtımıza 250 min insanın gəlməsinə də səbəb olacaq. Bu isə otellərin, ticarət obyektlərinin qazancı deməkdir. Nəzərə alsaq ki, oyunlara baxmağa gələnlər ən azı orta təbəqə təmsilçiləri olacaq, onların xərcləyəcəyi pullar da az olmayacaq. Ümumiyyətlə isə bu oyunlar Azərbaycanın futbol infrastrukturunu da əsaslı surətdə yaxşılaşdıracaq".
Xatırladaq ki, Avro- 2020-nin Bakıda baş tutacaq 4 oyununun paytaxtdakı Tofiq Bəhramov adına Respublika Stadionunda və Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılır. Adıçəkilən birinci stadion əsaslı təmir və yenidənqurmadan sonra 2012-ci ildə istifadəyə verilib. Təmirdən sonra bu futbol arenasında oturacaqlarının sayı 29 min 870-dən 31 min 200-ə çatdırılıb, ot örtüklü futbol meydançası FİFA standartlarına tam uyğun şəkildə yenidən qurulub. Avropa çempionatı oyunlarının keçiriləcəyi ikinci arenanın isə 2011-ci ildə Azərbaycan futbolunun 100 illik yubiley tədbirində Prezident İlham Əliyev, FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platinin iştirakı ilə təməli qoyulub. Bakı Olimpiya Stadionu adlanacaq nəhəng arena 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına kimi tikilib istifadəyə veriləcək. 70 min tamaşaçı tutumu olacaq bu stadion da Su İdmanı Növləri Sarayı, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi və digər belə mükəmməl infrastruktur obyektləri kimi beynəlxalq yarışlara qucaq açacaq.
Yazı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
Bəxtiyar