Azərbaycan qadın təşkilatları Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, Minsk Qrupu kimi təşkilatların rəhbərlərinə, həmçinin ABŞ, Rusiya, Fransa prezidentlərinə ünvanlanan müraciətdə bildirilir.
2020-ci il iyul ayının 12-də dövlət sərhədində yerləşən Tovuz rayonunda Azərbaycanın hərbi məntəqəsi Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə tutulmuş və Azərbaycan növbəti dəfə Ermənistanın təcavüzünə məruz qalmışdır. Ermənistanın bu təcavüzü 6 gündür ki, davam edir. Bu, rəsmi İrəvanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmadığının və Covid 19 pandemiyası dövründə BMT Baş katibinin qlobal atəşkəs rejiminə əməl olunması haqqında çağırışına əhəmiyyət vermədiyinin əyani sübutudur.
30 ildən çoxdur ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu qanunsuz olaraq işğal altında saxlayır. Orada yaşayan bütün azərbaycanlılar etnik təmizləməyə məruz qalmış və öz yaşadıqları yerlərdən zorla çıxarılmışlar. İşğalçı qüvvələrin ərazimizdən dərhal və tam olaraq çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı Qətnamələri indiyə kimi yerinə yetirilmir. Münaqişənin sülh və danışıqları yolu ilə həlli istiqamətində Azərbaycanın səyləri və xoş niyyəti heç bir nəticə vermir, Ermənistan hər vəchlə danışıqları uzatmağa, formatını dəyişməyə və status kvonu olduğu kimi saxlamağa çalışır. İşğalçı ölkənin qanunsuz hərəkətlərinə, sizin təmsil etdiyiniz təşkilatlar, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan ABŞ, Fransa və Rusiya tərəfindən adekvat qiymət verilmədiyindən cəzasızlıq mühiti yaranır və bu da Ermənistanı daha çox təxribatlar törətməyə, beynəlxalq hüquq norma və prinsiplərini davamlı olaraq pozmağa cəsarətləndirir.
Azərbaycanın Tovuz rayonunda olan hərbi məntəqələrinə Ermənistan tərəfindən edilən hücum bu cəzasızlığın nəticəsidir. Hətta işğalçı ölkə təkcə hərbi məntəqələrə hücumla kifayətlənmir, dinc əhalinin sıx yaşadığı kəndlərimizə artilleriya və ağır çaplı silahlardan atəş açır, 76 yaşlı Əzizov Əziz İzzət oğlunu yaşadığı evin içində qətlə yetirir və mülki şəxslərin əmlaklarına ciddi ziyan vurur.
Biz, Azərbaycanda fəaliyyət göstərən qadın təşkilatları olaraq sizlərə müraciət edir, Ermənistanın törətdiyi hərbi təxribatlara adekvat qiymət verməyə və ölkəmizə qarşı törətdiyi təcavüz aktına və zor tətbiqinə görə işğalçı ölkənin cəzalanması üçün beynəlxalq hüquq normaları çərçivəsində təsirli tədbirlər görməyə çağırırıq".
Müraciəti 102 qadın təşkilatının rəhbərləri imzalayıblar.