Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) Çin dili və mədəniyyəti mərkəzində “Ənənəvi Çin təbabəti” mövzusunda seminar keçirilib. Seminar yaşlı nəslə ehtiram günü kimi qeyd edilən “Çunyan” Çin milli bayramına həsr olunub.
ADU İctimaiyyətlə əlaqələr departamentindən Teleqraf.coma verilən xəbərə görə, tədbirdə ADU-nun Tədris işlər üzrə prorektoru Vazeh Əsgərov, Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Azərbaycan Xalq Təbabəti Mərkəzi və TİENS şirkətinin Azərbaycandakı filialının nümayəndələri və ADU-nun müəllim və tələbə heyəti iştirak edib.
Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov humanitar sahədə çoxşaxəli Azərbaycan-Çin əməkdaşlığı haqqında məlumat verib. O, iki ölkə arasında 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı imzalanan “Səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında razılaşma”nın həyata keçirildiyini xüsusi qeyd edib.
Universitetin tədris işləri üzrə prorektor Vazeh Əsgərov Çin mədəniyyəti, o cümlədən Çin təbabəti və əczaçılığının zənginliyi qeyd edərək ADU-da Çin dili və mədəniyyəti mərkəzində keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının tələbələri ənənəvi Çin və Azərbaycan tibbinin yaranması və inkişafı tarixindən söz açıblar. Onlar eyni zamanda köhnə təbib-konfusilərin tibbi sınağından, həyat qüvvəsi haqqında daos doktrinasından, Çinin təcrübəli həkimləri və Çinin müalicəvi otlarından faydalanan Qarabağ, Şamaxı, İrəvan, Təbrizin görkəmli orta əsr Azərbaycan həkimlərinin fəaliyyətindən danışıb.
“İnam" Çin tibb Mərkəzinin direktoru, professor Etibar Kazımov öz növbəsində müasir müalicəvi praktikada Çin tibb üsullarının istifadəsi haqqında məlumat verib.
Tədbirin sonunda ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin və Azərbaycan dillərində nəşr edilmiş “İlham Əliyev – iki qədim xalqlar dostluğunun müasir davamçısı” adlı kitabı qonaqlara hədiyyə verilib.
NİGAR