Hazırda bütün dünyanın qlobal problemi olan koronavirus infeksiyasına görə tibbin qarşısında duran əsas vəzifələrdən biri xəstəyə diaqnozun erkən qoyulmasıdır. Erkən diaqnostika infeksiyanın vaxtında aşkarlanıb xəstəni təcrid etməklə onun yayılmasının qarşısını almağa imkan yaradır. Belə halda müalicə də daha effektiv olur, reanimasiya tədbirlərinə ehtiyac azalır.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Cərahiyyə Klinikasının Radiologiya şöbəsinin müdiri, dosent Rasim Bayramov bildirib.
Onun sözlərinə görə, diaqnostikada ağciyərlərin kompüter tomoqrafiya müayinəsinin (KT) həssaqlıq göstəricisi 98% təşkil etdiyi halda, PZR müayinəsinin həssaslığı 71% bildirilir:
“PZR müayinəsində yalançı neqativ nəticələrin çoxluğunu nəzərə alaraq, KT müayinəsi erkən diaqnozun qoyulmasında daha dəqiq və az vaxt tələb edən müayinə hesab olunur”.
Rasim Bayramov qeyd edib ki, koronavirus infeksiyasında kompüter tomoqrafiya müayinəsi zamanı ən çox rastlanan görüntü “buzlu şüşə” mənzərəsidir:
“Lakin “buzlu şüşə” əlaməti sadəcə, bir xəstəliyə xarakterik olmayıb, bir çox xəstəlikdə alveolların hər hansı bir substrat - qan, maye, eksudat və s. dolmasına bağlı olaraq görülə bilər. Sadəcə olaraq COVID-19 xəstələrində “buzlu şüşə” görüntüsü daha çox ağciyərlərin aşağı paylarında və kənar hissələrində rast gəlinir. Bununla yanaşı, koronavirus infeksiyasının KT müayinəsində ağciyələrdə görülən yeganə əlaməti “buzlu şüşə” mənzərəsi deyil, yanaşı olaraq konsolidasiyalar və modulyar infiltrasiyalar şəklində də görülə bilər”.
ATU şöbə müdiri qeyd edib ki, xəstəliyin erkən mərhələlərində görülən “buzlu şüşə” mənzərəsi geri dönən prosesdir, müalicə ilə sovrulur:
“Ancaq COVID-19 xəstələrində ağciyərlərdə görülən ən böyük problem ağciyər toxumasının fibrozlaşması, yəni sərtləşməsidir. Digər virus mənşəli ağciyər iltihablanmasında, yəni pnevmoniyada demək olar ki, fibrozlaşma olmur. Ağciyərin fibrozlaşması geriyə döndürülə bilən proses olmadığından fibrozlaşma izlənən xəstələrdə sonrakı dönəmdə də daima nəfəs darlığı və öskürək müşahidə oluna bilər. Müalicəyə erkən başlanılması fibrozlaşmanı azaldır və qarşısını alır”.
Həkimin fikrincə, yoluxma şübhəsi olan, klinik əlamətləri izlənilən xəstlələrdə PZR test nəticəsi neqativ göstərsə belə, mütləq ağciyərlərin KT müayinəsi aparılmalı, koronavirus infeksiyasına bənzər görüntü izlənildikdə, xəstə təcrid olunmalı və erkən müalicəyə başlanılmalıdır.