Oktyabrın 12-də daxili işlər orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək. İmtahan saat 11:00-da Bakı Qızlar Universitetinin binasında (ünvan: M.Sənani küçəsi, 14) təşkil olunacaq və 3 saat ərzində aparılacaq.
Qeyd edək ki, sənədlərin qəbulu iyunun 9-dan iyulun 9-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) tərəfindən aparılıb. Müsabiqədə iştirak etmək üçün 55 nəfərin namizədliyi qeydə alınıb. Onların hamısı hüquq istiqaməti üzrə sənəd verib. Namizədlərə test imtahanında iştirak etmək üçün “İmtahana buraxılış vəsiqəsi” və “Yaddaş kitabçası” oktyabrın 1-dən təqdim olunur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən xəbərə görə, imtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunacaq. Namizədlərə 80 sual qanunvericilik, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə təqdim olacaq.
Hər düzgün cavab 1 balla qiymətləndirilir.
Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılırlar.
Qeyd edək ki, sənəd qəbulu haqqında elan, “Müsabiqənin keçirilməsi Qaydaları", test imtahanının proqramı və fiziki hazırlıq səviyyəsinin minimal normativləri "Mübariz Keşikdə" qəzetində, həmçinin digər Kütləvi İnformasiya Vasitələrində, ölkənin bir sıra şəhər və rayonlarının mətbu orqanlarında dərc olunmuş, DİN-in rəsmi internet saytında yerləşdirilib.
NİGAR