23 İyul 2020 15:05
3 336
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Erməni aqressiyasının tarixi və etnik-psixoloji səbəbləri var. Ermənilər öz çirkin əməlləri, xüsusən də, satqınlıqları, yalançılıqları, acgözlüklərinə görə tarix boyu başqaları tərəfindən təhqir olunub, qaraçılar kimi burdan-ora, ordan-bura qovulub, amma heç vaxt öz şərəfləri uğrunda ayağa qalxmağa cəsarət etməyiblər”.

Ədəbi tənqidçi, yazıçı Əsəd Cahangir belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- 14 iyul yürüşünə bir yazıçı və ziyalı kimi necə qiymət verirsiniz?

- 14 iyul aksiyasına təşkil olunmuş siyasi və ya dini yürüş məzmunu vermək istəyənlər oldu. Məncə, yürüş iştirakçılarını küçə və meydanalara çıxmağa heç bir qüvvə təşviq etməmişdi. Bu, nəinki iqtidar-müxalifət davası deyildi, əksinə, xalq və dövlətin birliyinə çağırış idi. 1994-cü ilin oktyabrında Heydər Əliyev cənablarının xalqı Prezident Aparatının qarşısına çağırdığı ağır, sınaq dolu günlər yada düşürdü. Onda ölkənin hər yerindən yüz minlərlə adam paytaxta axışıb, rəhbərin səsinə səs verdi, vətəndaş qarşıdurmasının qarşısı alındı. İndi hakimiyyətə dəstəyini heç bir çağırış olmadan xalq özü verirdi. Bu aksiyanın bir ana qayəsi vardı - Qarabağ uğrunda mücadilə! “Qarabağ!”, “Mübariz”,”Şəhidlər ölməz, Vətən bölünməz” şüarları ilə yanaşı, tez-tez səslənən “Türkiyə!” şüarı göstərirdi ki, aksiya erməni həyasızlığına, beynəlxalq ədalətsizliyə qarşı mübarizədə həm də bütün türk xalqlarının birliyinə çağırırdı! Təəssüf ki, bu həlledici anda nə dövlət məmurları, nə din xadimləri, nə müxalifət liderləri, nə də ziyalılar xalqın səsinə səs vermədi.

Mən xüsusilə də, Sabir Rüstəmxanlını çox gözlədim və o gəlməyəndə başa düşdüm ki, artıq 1988-ci il deyil. Artıq İsmayıl Şıxlı, Xəlil Rza, Bəxtiyar Vahabzadə yoxdur. Meydanda olan xalqın Allahdan, Mübarizin ruhundan və Türkiyədən başqa üz tutacağı ünvan qalmamışdı! Bu, çox dəhşətli mənzərə idi. Xalq meydanda öz taleyi ilə üz-üzə qalmışdı. Qəzəblənmiş, başsız qalmış kütləni iğtişaşa təhrik edən bəzi qüvvələr bu vətənpərvər aksiyaya başqa don geyindirməyə çalışdılar və müəyyən qədər buna nail oldular! O gecə baş verən hadisənin ən sadə izahı belədir.

- Bəs düşmən niyə bu qədər aqressivdir?

- Yadınızdadırsa, Axilles əsir düşən Troya gənclərini döyüşdə öldürülmüş dostunun dəfnində qurban kəsdirir. Bunu Homerdən ilk dəfə oxuyanda dəhşətə gəlmişdim. Onda ağlıma da gəlməzdi ki, vəhşilik dövründən qalmış bu adəti ermənilər Qarabağda təkrar edəcək. Mən bir ana tanıyıram. Bu ananın 1993-cü ildə yaralı halda əsir götürülən əsgər oğlunu ermənilər öz ata-babalarının qəbri üstündə qurban kəsiblər. Bunu hamı, hətta şəhidin atası da bilir, amma anaya deməyə indiyəcən heç kəs ürək eləmir. Oğlunun yolunu gözləməkdən ananın saçları ağappaq ağarıb.

Doğrudan da, bu nə aqressiyadır? Erməni aqressiyasının tarixi və etnik-psixoloji səbəbləri var. Ermənilər öz çirkin əməlləri, xüsusən də, satqınlıqları, yalançılıqları, acgözlüklərinə görə tarix boyu başqaları tərəfindən təhqir olunub, qaraçılar kimi burdan-ora, ordan-bura qovulub, amma heç vaxt öz şərəfləri uğrunda ayağa qalxmağa cəsarət etməyiblər. Çünki sadalanan mənfi cəhətləri ilə yanaşı, həm də çox yaltaq və qorxaqdırlar. Bu, onlarda daim təhqir olunan, amma həmin təhqirlərə heç cür cavab verə bilməyən adama məxsus gizli qisas kompleksi və bu komplekslə müəyyənləşən spesifik erməni mentaliteti yaradıb. Onlar bu üzdən belə aqressivdirlər və hər dəfə imkan yaranan kimi əsrlər boyu yığılıb qalan bu aqressiya üzə çıxır. Bütövlükdə Qarabağ konflikti, eləcə də son günlər baş verənlər də bu aqressiyanın üzə çıxdığı məqamlardan biridir. Məsələnin fundamental altyapısında bu amil durur. Mehriban düşmənlər olan Putin və Ərdoğan qarşıdurması, Tovuzdan keçən neft-qaz kəməri və sair kimi siyasi və iqtisadi məsələlər bundan sonra gəlir.

- Savaşın davamını tələb edənlərin sayı çoxdur. Siz nə fikirləşirsiniz, döyüşləri davam etdirməliyikmi?

- Yürüş göstərdi ki, xalq savaşa hazırdır. Məlumdur ki, savaş çoxsaylı insan itkisinə, dağıntılara səbəb ola bilər. Amma buna baxmayaraq, məncə, döyüş nəinki lazım, hətta vacibdir. Qurbansız qələbə olmur. Otuz illik sülh danışıqlarından da gördüyümüz kimi, ermənilər Qarabağı döyüşsüz vermək fikrində deyil və bu fikirlərini gələcəkdə də dəyişməyəcəklər. Qarabağ savaşı başlayanda biz gənc idik, indi artıq altmışa doğru gedirik. Bu templə getsə, Qarabağı görmək bizə qismət olacaqmı? Nə qədər gözləməliyik? Bəs deyilmi?

- İnsanların baş verənlərə münasibətini necə dəyərləndirirsiniz, həmrəyliyin olduğunu düşünürsünüzmü?

- 14 iyul yürüşü otuz illik Qarabağ itkisindən sonra da Azərbaycan xalqının döyüş ruhunun nə qədər yüksək, qələbə əzminin necə böyük olduğunu üzə çıxardı. Təsadüfən, ya zərurətdən Bastiliya qalası da məhz 14 iyulda alınıb. Düzdür, biz öz Bastiliyamızı – Qarbağımızı o gün ala bilmədik. Amma bu yürüşün xalqın özünüdərk və birliyində rolu böyük oldu. Otuz illik yatmış qəzəb vulkanı qəfil püskürdü və indiyəcən formalaşan iki mifi dağıtdı. Deyirdilər ki, biz unutqan xalqıq, məlum oldu ki, aradan keçən otuz il Qarabağı xalqın yaddaşından zərrə qədər də silə bilməyib. Mübariz İbrahimovun şəhadət məktəbi ənənəsi yaşayır və yaşayacaq. İkincisi, yeni yetişən nəslə bir çoxları az qala manqurt kimi baxırdı. Məlum oldu ki, bu da yanlış qənaətdir. Yürüşdəkilərin təxminən doxsan faizi haqsız yerə manqurt sayılan bu vətənpərvər gənclər idi.

- Nə vaxtsa, o torpaqlara qayıdacağımıza inanırsınızmı?

- Əgər inansaq, qayıdacağıq. Qarabağı bizim inamımız xilas edəcək. Son hadisələrdə xalqı ayağa qaldıran da bu inam idi. Bu inam qələbəyə ən güclü təminat verən enerji mənbəyidir. Əgər bu enerji müxtəlif yerlərə parçalanmayıb, məqsədyönlü olaraq yalnız bir nöqtəyə - Qarabağa yönəldilsə, qələbəyə şübhəm yoxdur.

-Gələk yazarlarımıza, etiraz edənlər oldu ki, niyə ədəbiyyat adamlarının tanınmış simaları bu məsələdə passiv mövqe tuturlar?

- Düşünmürəm ki, bizim yazarlar vətənpərvərlik hissindən məhrumdurlar. Onların böyük əksəri hətta könüllü olaraq cəbhəyə yollanmağa hazırdır. Sadəcə, yazıçılarımızın bu enerjisini Qarabağa yönləndirən qüvvə yoxdur. 14 iyul yürüşü iştirakçıları meydanda lidersiz qaldıqları kimi, onlar da söz meydanında başsız qalıblar.

- Bəs, Anar?

- Anar ədəbiyyat, incəsənət və ictimai fikir tariximizdə danılmaz xidmətləri olan şəxsdir. O, biz nəsil ədəbiyyatçıların və ümumən gənclərin zövq və dünyagörüşünün formalaşmasında vaxtilə böyük rol oynayıb. Amma nə olur, kim olursa-olsun, yaş öz sözünü deyir. Məncə, yazarlarımıza yeni idarəetmə üsuluna qabil, müasir təfəkkür tipinin daşıyıcısı olan bir şəxs başçılıq etməlidir. Bu, zamanın özünün tələbidir.

- Ziyalılar arasında özünün kosmopolit fikirlərini irəli sürənlər də oldu. Bu məsələyə kosmopolit və ya bəşəri ideyalar çərçivələrindən baxmalıyıqmı? Yəni düşmən bunlardan anlayacaqmı?

- Əlbəttə ki, yox. Bir az kobud ifadə olsa da, indi yerinə düşür deyəm ki, Quran oxumaqla donuz darıdan çıxmaz. Bu gün kosmopolitizm yeri deyiil. Bu gün ancaq bir şüarımız ola bilər – “Ya Qarabağ, ya ölüm!”. Bu gün çoxluğun iradəsi əleyhinə kosmopolit fikirlər irəli sürənlər ya özlərini ağıllı göstərmək istəyən, ya da xalqın Qarabağ əzmini qırmaq istəyənlərdir.

- Şəhid general Polad Həşimov haqda romanın yazılması fikirləri də irəli sürülür. Sizcə, onun haqda ən yaxşı romanı kim yaza bilər?

- “Ən yaxşı kim yaza bilər” deyə, məsələni konkretləşdirmək istəmirəm. Əvvəla, ona görə ki, bu gün şəhadət haqda kiminsə “ən yaxşı” yazacağını demək çətindir. Bunun üçün sadəcə yazıçı olmaq yetərli deyil, Qarabağ yanğın, şəhadət fəlsəfən və şəhadət ruhun olmalıdır. Yəni özün də bir əsgər kimi ölümə getməyə daxilən hazır olmalı, ya da cəbhədə olmalı, barıt və səngər qoxusu duymalı, güllə, minomyot səsləri, qrad, alazan gurultuları, ölənlərin fəryadı, yaralananların iniltisini eşitməlisən.

İkincisi şəhid generalımızın ölümü ilə bağlı elə nüanslar var ki, onları olduğu kimi kitaba salmağa kiminsə gücü çatacağına inanmıram. Üstəlik də, bu nüansları saf-çürük etməyə, ələşənini küləşənindən ayırmağa vaxt lazımdır. Digər tərəfdən, müharibə mövzusu ilə bağlı spesifik yazı üslubunu mənimsəməli, konkret mövzu ilə bağlı aylar, hətta illərlə material toplamalı, yığdığın materialları ələyib ələkdən keçirməli və öz yazıçı konepsiyasına uyğun şəkildə təqdim etməyi bacarmalısan. Əsl ədəbiyyat bir ilə yaranmır və bir neçə il üçün yazılmır. Bir sözlə, general haqda yazılan roman generalın adına layiq olmalıdır. Odur ki, bu tezliklə general haqda roman yazmaq təşəbbüslərini, yumşaq desəm, bayağı vətənşüvənlikdən başqa bir şey saymıram. Bədii yaradıcılığın daxili təbiətinə zidd olan bu plakatçılıq və şüarçılığın, öz reklamını şəhid məzarı üstə qurmaq kimi həyasızlıq və allahsızlığın ancaq bir nəticəsi ola bilər – xaltura! Bütün bunların dışında yazarlarımız arasında bu romanı Aqil Abbas, Etibar Muradxanlı və Əvəz Qurbanlının yaza biləcəyini düşünürəm.

- Amma bir məsələ də var ki, müharibə haqda yazanlarımız niyə bir çox hallarda kədəri, hüznü tərənnüm edirlər? Qəhrəmanlıq qalır qıraqda...

- Yazıçılar özlərinə bununla bəraət qazandırırlar ki, nə vaxt Qarabağı alsaq, onda qəhrəmanlıq ruhunda əsərlər yazacağıq. Amma mən əksinə düşünürəm. Ədəbiyyat özünü daldan atılan daş, yaxud toydan sonra nağara yerinə qoymamalıdır. O, tarixin ardınca getməməli, əksinə, onu öz ardınca aparmağı bacarmalıdır. Yəni yazıçı gözləməsin ki, qalib gələk, sonra yazım. Əksinə yazmalıdır ki, qalib gələk. Amma bütün günahı yazarların üstünə yıxmaq fikrində də deyiləm. Yazıçının müharibə mövzusunda yazması üçün təşkilati işlər görülməlidir, maddi və mənəvi stimul olmalıdır. Yazıçılar cəbhə bölgəsinə göndərilməlidir. Bunların heç biri yoxdur. Ədəbiyyatımızın indiki pessimist duruma düşməsinin ən böyük günahını Sartr və onun insanı da, yazıçını da ictimai düşüncə və fəaliyyətdən uzaq salan ekzistensializm fəlsəfəsində görürəm.

- Maraqlıdır!

- Hazırda ədəbiyatımızın bir sıra tanınmış təmsilçiləri bu eqoist fəlsəfə ilə tərbiyələnib və onun təsirini sonrakı nəslə də ötürə biliblər.

- Bəs Azərbaycanda müharibə haqqında ən yaxşı kimlər yazıb?

- General Həzi Aslanovun rəşadətindən bəhs edən “General” və arxa cəbhə adamlarının dəyanətindən danışan “Burulğanlar” romanlarının müəllifi Hüseyn Abbaszadə, “Müharibə” romanının müəllifi Əbülhəsən, “Cəbhə gündəlikləri”nin müəllifi İsmayıl Şıxlı, arxa cəbhə həyatı adamlarının rəşadətindən söz açan “Saz” və “Tütək səsi” povestlərinin müəllifi İsa Muğanna, “Mən ki gözəl deyildim” povestinin müəllifi Bayram Bayramov, “Müharibənin 1001-ci gecəsi” povestinin müəllifi Maqsud İbrahimbəyov, “Şərikli çörək” ssenarisinin müəllifi Alla Axundova, “Gedənlərin qayıtması” romannın müəllifi Sabir Əhmədli...

Bunların arasında müharibənin sonuncu gününü 300-400 səhifəlik bir romanda modern üslubda təsvir edən “Gedənlərin qayıtması” romanı təkcə milli yox, dünya nəsrində müharibəyə həsr olunan ən gözəl əsərlərdən biridir.

Qarabağ mövzusuna gəlincə, Sabir Əhmədlinin “Ömür urası” və “Axirət sevdası”, Elçinin “Baş”, Aqil Abbasın “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” və “Dolu”, Çingiz Abdullayevin “Əclafların qanunu”, Hüseynbala Mirələmovun “Dağlarda atılan güllə”, “Yanan qar” və “Xəcalət”, Şövkət Zərrin Horovlunun “Arazdan gələn səslər” və “Əbədiyyətə qədər”, Yusif Əhmədovun “Torpağa tökülən qan”, Nüşabə Məmmədlinin “Zəngulə”, Etibar Muradxanlının “Tələbə taqımı”, Əvəz Qurbanlının “Canlı dirəklər”, Aslan Quliyevin “Keçmiş döyüşçü və oğlan”, Orxan Fikrətoğlunun “Tək”, Elxan Elatlının “Cəhənnəmdən gələn səs”, Elçin Mehrəliyevin “90-cı illər”, Kamran Nəzirlinin “Dördüncq möhür”, Şəmil Sadıqov və Müşfiq Xanın “Ümidlərin izi ilə”, Bəxtiyar Sadıqovun “Ruhlar şəhərinin sakinləri”, Zaur Abdullayevin “Qız və qurd”, Ağarəhim Rəhimovun “Ovlaq keçidi”, “İkili dünyam”, Qoşa qanad”, “Canavar balası” və digərlərinin çoxsaylı roman və povestlərinin adını çəkmək olar.

Əlbəttə, bu roman və povestlərin hamısının bədii cəhətdən şedevr olduqlarını demək mübaliğə olardı. Amma bunların arasında biri xüsusi olaraq seçilir.

Aqil Abbasın “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” romanı! Romanın təkbaşına, gizli yollarla Şuşaya gedib, partlayış törədən, özü ölsə də, onlarla erməninin də ölümünə səbəb olan qəhrəmanı xalqın arzu, həsrət və qəzəbinin ifadəçisidir. Müəllif bununla ikili standartlarla hərəkət edən beynəlxlaq təşkilatlar və dövlətlərə özünün kəskin etirazını bildirir. Maraqlıdır ki, roman yazılandan bir neçə il sonra Mübariz İbrahimov romanın qəhrəmanının rəşadətini təkrar etdi. İlk dəfə ədəbiyyat həyatı qabaqladı.

Sabir Əhmədlinin “Ömür urası” romanında Qarabağa fantastik qayıdışımız təsvir olunur. Elçinin “Baş” romanında isə tam əksinə - Qarabağ problemi tarixi planda işlənib. Aqil Abbas Qarabağın bu günü, Elçin keçmişi, Sabir Əhmədli gələcəyindən danışır. Amma hər üç əsərin müəllifi öz oxucu əsgərlərini Qarabağa yönləndirirlər. Odur ki, bədii sözümüzün generalları rütbəsini tərəddüd etmədən bu üç yazıçıya verədim. Qalanları da narahat olmasınlar – onlar də hər biri öz işinə görə polkovnik, mayor, kapitan, leytenant, gizir və sair rütbələrə layiq görülə bilər.

- Özünüzü bu məsələdə harda görürsüz?

- Qarabağ uğrunda mübarizənin sıravi əsgəri də olmaq şərəfdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər