Demək olar ki, əksər insanlar həyatda rastlaşdıqları bəzi hadisələrdən narahatlıq keçirir, müəyyən mövzuları daxili aləmlərində gəzdirərək vəsvəsə yaşayırlar. Onların böyük qismi gərəksiz narahatlıq hissinə qalib gəlir, onun həyatlarına təsirini zərərsizləşdirə bilirlər. Bəzi insanlarsa bu hislərin doğru olmadığını dərk eləsələr də, onun təsiri altına düşürlər. Belə davranış isə obsessiv-kompulsiv pozğunluğun yaranmasına səbəb olur.
Teleqraf.com xəbər verir ki, hazırda hər 50 nəfərdən birində obsessiv-kompulsiv pozğunluq xəstəliyi var. Xəstəliyə hər yaşda, hətta 2 yaşlı uşaqlarda belə rast gəlinir.
Obsessiv-kompulsiv pozğunluq gündəlik həyati fəaliyyətə təsir göstərəcək bir səviyyəyə çatan obsessiv düşüncələr nəticəsində meydana çıxan psixoloji xəstəlikdir. Obesession, yəni şəxsin ağlından çıxara bilmədiyi fikir, düşüncə və impulslar onu istəmədiyi halda narahat edir. Xəstəlik qadınlar arasında daha çox yayılsa da, kişilərdə daha erkən yaşlarda rast gəlinir.
Əksər xəstələr uzun müddət bu halı yaşadıqları üçün vəziyyətə öyrəşir və həkimə müraciətdən imtina edirlər. Ən çox rast gəlinən vəsvəsə əlaməti insanların həddindən artıq şübhə içində olmalarıdır. Evinin qapısını kilidlədiyinə əmin ola bilməyən, qapını dəfələrlə yoxlayan adamı buna misal gətirə bilərik.
Simmetriya, nizam və mükəmməllik motivi ilə inkişaf edən vəsvəsədə insan evdəki masa və eynək kimi əşyaları daim daha mükəmməl qaydada yerləşdirməyə çalışa, bunun üçün saatlarla vaxt sərf edə bilər. Bu cür insanlar əşyalarından başqalarının istifadəsinə icazə vermir, eyni zamanda onların qarışmasını arzulamır. Elə insanlar da var ki, gördükləri hər şeyi "sayıb-hesablayırlar".
Obsessiv-kompulsiv pozğunluğun səbəbi tam aydın deyil. Dərman və psixoterapiya metodu, həmçinin dərman və davranış terapiyası xəstəliyin sağalmasına kömək edir.