26 İyul 2020 15:00
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda 90 yaşlı Əfqan Əsgərov koronavirusdan sağalaraq evə buraxılıb. Ə.Əsgərov pandemiyadan əziyyət çəkən xəstələrin müalicə edildiyi 1 nömrəli şəhər xəstəxanasına çox ağır vəziyyətdə daxil olub.

Xəstəxanadan Teleqraf.com-a bildirilib ki, Əfqan Əsgərov səhhəti ağırlaşdığından həkimə müraciət edib. Müayinə zaman onun COVID-19 virusuna yoluxduğu müəyyənləşib. On altı gün ərzində müalicə alan 90 yaşlı sakin artıq özünü yaxşı hiss edir.

Əfqan Əsgərovu müalicə edən, Rusiyadan dəvət olunan mütəxəssis Alim Hüseynov xəstənin qəbulu zamanı vəziyyətinin orta ağır olduğunu deyib. Müalicələrdən sonra isə onun tam sağaldığı bildirilib.

Ölkəmizdə COVID-19 virusuna qarşı həyata keçirilən ciddi tədbirlərin nəticəsi Sumqayıtda da statistikaya müsbət təsir göstərib. Sağalanların sayı yoluxanların sayını üstələyib.

Verilən məlumata görə, hazırda şəhərdə koronavirusa yoluxanların sayı əvvəlki nəticələrə nisbətdə 2-3 dəfə azalıb. Dərman təminatı ilə bağlı isə xəstəxanalarda heç bir problem mövcud deyil. Son iki ay ərzində xəstəxanalara 1477 pasiyent müraciət edib ki, onlardan 1077 nəfər artıq sağalaraq evə buraxılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər