Tovuzda Babək Hüseynzadə adlı polis əməkdaşının əsgərlərə aparılan sovqatı mənimsədiyi üçün işdən çıxarılması barədə yayılan məlumatlar əsassızdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov deyib. O bildirib ki, sözügedən əməkdaş xidmətdə məsuliyyətsizliyə yol verdiyi üçün işdən azad edilib:
“Bu cür məlumatlar xaricdə oturub şər-böhtan atanların növbəti təxribatıdır. Müdafiə Nazirliyi ordunu yüksək səviyyədə təmin edir və əsgərlərimizin heç bir kənar yardıma, ərzağa ehtiyacı yoxdur. Hansısa vətəndaş yardım gətiribsə, polisə bunun heç bir aidiyyəti yoxdur. Sözügedən polis əməkdaşının işdən çıxarılması barədə onların göstərdiyi səbəb yalandır. Həmin əməkdaş ötən il xidmətdə yol verdiyi nöqsana görə vəzifəsindən azad olunmalı idi, lakin onun səmimi etirafı, peşman olması, bir daha belə bir əməl tutmayacağı ilə bağlı verdiyi vəd və gənc olması nəzərə alınaraq, ona daha yüngül cəza verilmişdi. Həmin şəxsə o vaxt şiddətli töhmət verildi. Bir müddətdən sonra onun həmin nöqsandan heç bir nəticə çıxarmadığı, xidməti fəaliyyətində heç bir dönüş yaratmadığı məlum oldu. O, növbəti dəfə xidmətdə məsuliyyətsizliyə yol verdiyi üçün Tovuz Rayon Polis Şöbəsi rəisinin əmri ilə xidmətdən xaric olunub”.
E.Zahidov onu da qeyd edib ki, sözügedən əməkdaşın maddi durumu yaxşıdır və əsgərlərin payını mənimsəyə ehtiyacı yoxdur:
“Həmin əməkdaşın ailəsi müəyyən qədər imkanlıdır, atası hansısa bir vəzifəni tutur, anası isə həkimdir. Yəni, onun siqaret oğurlamağa, mənimsəməyə ehtiyacı yoxdur. Xaricdə oturan şəxslər isə dövlətin, millətin adına utanc gətirmək üçün yalan məlumatlarla qarışqadan fil düzəldirlər”.
Qeyd edək ki, Həbib Müntəzir Tovuzda əhalinin əsgərlər üçün topladığı sovqatı polis serjantı Babək Hüseynovun mənimsədiyini bildirib. O qeyd edib ki, B.Hüseynov 4 blok siqaret və ərzağı oğurlayıb.
Həmçinin onun 106 saylı dairə seçki komissiyası sədri İlqar Hüseynovun oğlu olduğu bildirilib.