Bakı şəhərinin bütün rayon icra hakimiyyətləri ilə sıx əməkdaşlıq edən FHN-in Bakı Regional Mərkəzi cari payız-qış mövsümü ilə əlaqədar “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda silsilə tədbirlər keçirməyi planlaşdırıb.
Teleqraf.com xəbər verir ki, belə tədbirlərdən ilki cari ilin oktyabr ayının 9-da Binəqədi rayonunda keçirilib.
Müşavirəni giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov tədbirin əhəmiyətindən bəhs edib, baş verən yanğın faciələrinin və dəm qazı zəhərlənmələrinin qarşısının alınması üçün əhalinin maariflənməsinə böyük ehtiyac olduğunu vurğulayıb.
FHN Bakı Regional Mərkəzinin rəis müavini, tibb xidməti polkovniki Cəfər Məmmədov çıxış edərək cari ilin 9 ayı ərzində baş verən yanğınların statistikası və onların baş vermə səbəbləri barədə məlumat verib. O, qeyd edib ki, belə hallarla mübarizə etməyin yolları maarifləndirmə işində daha da ciddi tədbirlərin görülməsidir.
Müşavirədə FHN Dövlət Yanğın Nəzarəti və FHN Dövlət Yanğından Mühafizə Xidmətlərinin əməkdaşları, Binəqədi rayon Mənzil Komunal Təsərrüfat Birliyi, Qaz İstismar Sahəsi, Enerji Təchizatı və Satışı İdarəsi, Təcili və təxirəsalınmaz yardım stansiyasının əməkdaşları “Yanğının baş vermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti: problemlər və həlli yolları” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar ediblər.
Sonda Binəqədi RİHB-nın birinci müavini İlqar Süleymanov Bakı Regional Mərkəzinə və Fövqəladə Hallar Nazirliyinin qurumlarına öz təşəkkürünü bildirib.
Müşavirənin gedişində yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videomateriallar da nümayiş olunub.
İlhamə