30 İyul 2020 12:32
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin qaydalarını pozaraq Bakı şəhərindən ölkənin şimal rayonlarına gizli yollarla icazələri olmayan sərnişinləri daşıyan iki sürücü – Cavid Ramazanov və Mehbala İsrafilov saxlanılıblar.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Məlumata görə, araşdırmalar zamanı Cavid Ramazanovun xüsusi karantin qaydalarını pozaraq, şəxsi nəqliyyat vasitəsi ilə qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.

Belə ki, onun xüsusi icazələri olmayan sərnişinlərdən müxtəlif məbləğlərdə pul vəsaiti almaqla onları Bakı şəhərindən ölkənin şimal rayonlarına daşıdığı məlum olub.

Bakı-Quba yolu üzərində müvəqqəti quraşdırılmış postdan keçən zaman o, sərnişinləri postdan bir qədər aralıda düşürərək tanışı Mehbala İsrafilova görüşdürüb və sərnişinlər Mehbala İsrafilovun bələdçiliyi ilə postun arxa hissəsində olan torpaq yolu ilə həmin ərazidən keçməyə nail olublar.

Daha sonra isə Cavid Ramazanova məxsus nəqliyyat vasitəsinə əyləşən müştərilər yollarına davam ediblər.

Saxlanılan sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün Quba rayon məhkəməsinə göndərilib.

Karantin qaydalarını pozan Cavid Ramazanov məhkəmənin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib. Mehbala İsrafilov barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.


Müəllif: Teleqraf.com