Koronavirusun ikinci dalğası çox güman ki, qış aylarında gələcək və risk qrupunun tərkibi dəyişəcək.
Teleqraf.com xəbər verir ki, bunu İngiltərənin Kral Tibb Cəmiyyətinin rəhbəri, professor Rocer Kirbi deyib.
O bildirib ki, qaçılmaz olan ikinci dalğa birincisindən fərqlənəcək: “Rəsmi qurumlar narahat olmaqda haqlıdır. Çünki ikinci dalğa əvvəl xəstəliyə yoluxmayanlara da təsir edəcək”.
1918-ci ildə yayılan “İspan qripi”ni koronavirusla müqayisə edən Kirbinin sözlərinə görə, o dövrdə də virus mutasiyaya uğramış və ikinci dalğa birincidən fərqli olmuşdu: “Üstəlik, ikinci dalğa çox fərqli bir qrupa təsir etmişdi. Koronavirusun ikinci dalğasının gəncləri təsir altına alacağı gözlənilir”.
Qeyd edək ki, 1918-1920-ci illərdə H1N1-in altqrupu olan virus həm yoluxmada, həm də ölü sayında bəşər tarixinin ən geniş yayılmış qrip pandemiyası olub.
Virusun dünyada təxminən 550 milyon insana, yəni dünya əhalisinin 29,5%-inə təsir göstərdiyi deyilir.