30 İyul 2020 18:40
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-ın Azərbaycan Respublikasındakı səfiri Örl Litzenberqeri qəbul edib.

Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı tərəflər ölkələr arasında bir çox sahələrdə mövcud olan geniş əməkdaşlıq münasibətlərindən, o cümlədən enerji sahəsində əməkdaşlıq, Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının fəaliyyəti, qlobal təhlükəsizlik məsələlərində əməkdaşlıq, COVİD-19 epidemiyası ilə mübarizədə həmrəylik və digər məsələləri müzakirə edib.

C.Bayramov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Azərbaycan-Ermənistan beynəlxalq sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən sonuncu hərbi təxribat, Ermənistanın əvvəlcədən planlaşdırılmış bu təcavüz aktı ilə güddüyü məqsədləri, habelə təxribat zamanı Azərbaycanlı mülki şəxslərin və infrastrukturların məqsədli şəkildə hədəfə çevrilməsi və bir nəfər mülki şəxsin öldürülməsi faktını qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanın münaqişənin həlli üzrə danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu, lakin bu danışıqların imitasiya yox, mahiyyət üzrə aparılan real danışıqlar olmasının zəruriliyi vurğulanıb.

Səfir Örl Litzenberqer Xarici İşlər naziri təyinatı ilə əlaqədar Ceyhun Bayramova təbriklərini çatdırıb və yeni vəzifəsində ona uğurlar arzulayıb. Səfir fürsətdən istifadə edərək Qurban bayramı münasibətilə də təbriklərini bildirib.

Azərbaycanın ABŞ üçün mühüm tərəfdaş ölkəsi olduğu və tərəflərin bir sıra qarşılıqlı maraqları bölüşdüyü qeyd olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər