2 Avqust 2020 16:11
1 878
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Arif müəllim, iyul ayında Prezidentin köməkçisi Anar Ələkbərov bir sıra ictimai xadim və ziyalılarla görüşdü. Dəvətlilər arasında dostlarınız da vardı. Maraqlıdır, sizi niyə çağırmamışdılar?

- Deyə bilmərəm niyə çağırılmadım. Çünki siyahını mən tərtib etməmişəm. Hər halda, faktın özü, cəmiyyət nümayəndələri ilə görüşüb fikir mübadiləsi aparmaq müsbət haldır. Orada səslənən fikirlər haqqında müəyyən məlumatımız oldu. Amma onların nə dərəcədə nəzərə alınıb-alınmayacağı çox mühüm əhəmiyyət kəsb edir. Çünki nəticədən məlum olacaq ki, bunlar formaldır, yoxsa həqiqətən hakimiyyət cəmiyyətin müxtəlif təbəqələri ilə dialoqa meyllidir və onun təkliflərini nəzərə alacaq...

- Milli mətbuatımızın 145 illik yubileyi ilə bağlı jurnalistlərin hökumət tərəfindən təltif olunmasının əleyhinə çıxırsınız. Mükafat alanlar arasında da dostlarınız var. Bu mövqeyinizə görə sizinlə razılaşmayanlar oldumu?

- Əlbəttə, oldu. Sosial şəbəkədə yazdığım bir status ətrafında olduqca qızğın, bəzən etik çərçivəyə sığmayan müzakirələr getdi. Görünür, izaha ehtiyac var. Bilirsiniz, jurnalistlərin dövlət tərəfindən mükafatlandırılması mənim münasibətimdən, əhval-ruhiyyəmdən və ya həvəsimdən asılı olan məsələ deyil. Ağ - sizin ona münasibətindən asılı olmayaraq elə ağdır, qara isə qaradır. Rəngləri seçə bilməmək isə artıq anormallıqdır. Bu isə indiki vəziyyətdə bizim mediamız üçün səciyyəvi bir haldır. Jurnalistikanın başlıca vəzifələrindən biri insanları doğru və dürüst məlumatlandırmaqla cəmiyyətin siyasi institutları - ilk növbədə hakimiyyət üzərində nəzarəti təmin etməkdir. Bu, dərsliklərdə də yazılıb, güman edirəm ki, buna etiraz olmayacaq. Əlavələr mümkündür, amma burada inkara yer yoxdur. Medianın həmin vəzifəni vicdanla yerinə yetirməsi üçünsə özünə hörmət edən bütün toplumlar peşə əxlaqı qaydaları yaradıblar. Jurnalistikanın təməl prinsiplərini də ora salıblar ki, sualı olanlar açıb oxusunlar, daha mübahisələr yaratmasınlar.

- Arif Əliyev hansı addan imtina etməz?

- Əgər biz jurnalistiksə və bu peşəni seçib onunla fəxr ediriksə, jurnalist kodekslərini və prinsiplərini bilirik. İndiyə qədər ölkə daxilində aldığım yeganə təltif “Həsən bəy Zərdabi” mükafatıdır. Əlbəttə, təkliflər olub. Amma nə qədər ki, jurnalistikada çalışırıq, gərək onun prinsiplərinə əməl edək. Ya peşədən gedərik, ya ölərik, onda başqa məsələ...

- Rəhbəri olduğunuz “Yeni Nəsil” Jurnalistlər Birliyi vaxtilə hər il müxtəlif nominasiyalar üzrə mükafatlar verirdi. Bu mükafatın özü də bəzən qalmaqallar yaradırdı. Jurnalisti mükafatlandıran instansiya sizcə, hansı kriteriya ilə hərəkət etməlidir? Ümumiyyətlə, hamını razı salan meyarlar varmı?

- Belə bir meyar yoxdur. Cəmiyyətdə inciyənlər, nəyisə haqsız hesab edənlər və yaxud şayiələrə uyanlar olur. Yalan məlumatın yayılması əsasında bir dəfə “Media açarı” mükafatı ilə bağlı qalmaqal yaratdılar. Təsadüfi deyil ki, sonda qəsdlə törədilmiş hadisə nəticəsində bu mükafatın verilməsini saxlamalı olduq. 2014-cü ildə bütün qeyri hökumət təşkilatlarının fəaliyyətində olduğu kimi, “Yeni Nəsil” Jurnalistlər Birliyinin də fəaliyyətində problemlər yarandı. Faktiki 6 ildir ki, Jurnalistlər Birliyi bank hesabından istifadə edə bilmir. Məlumdur ki, bu cür tədbirlərin də təşkili kifayət qədər maliyyə və ödənişlər tələb edir. Əsas buna görə dayandırılıb.

İdeal meyar yoxdur. Birinin yazısına görə verilən mükafatı başqası hesab edir ki, filan yazı ondan daha güclüdür. Bu, normal haldır. Amma biz obyektivliyi təmin etmək üçün mükafatı jurnalistlər arasında sorğu əsasında müəyyənləşdirirdik. Sorğunun nəticələrini təsdiqləmək üçün münsiflər heyəti burada pozuntulara yol verilib-verilmədiyini müəyyən edirdi. Heç vaxt bura üzv olmamışam, heç zaman da münsiflərin işinə qarışmamışam. Qərarlarını da dəyişdirməmişəm. Əksinə, qərarı dəyişdirmək təklifi olanda demişəm ki, ola bilsin bizim baxışımızla bu, obyektiv görünmür, amma ümumi rəy pozuldu. Hətta geniş ictimai rəy sorğusu keçirsəniz belə, heç bir halda sorğunun nəticəsinin həqiqətlə tam üst-üstə düşdüyünü deyə bilməzsiz. Bu, bizdən asılı olmayan məsələdir. Çalışıb işində saxtakarlığa yol verməyəsən.

Bu gün jurnalistlərə verilən evlərin üstündə nə cür qovğalar yaranır. Amma hər halda deyə bilərəm ki, “Media açarı” mükafatı Azərbaycan jurnalistikasının fəxri mükafatı idi. Bunu sosial şəbəkədəki fikirlərdən və medianın o zamanki münasibətindən də görmək olar.

Əgər söhbət “Yeni Nəsil” JB-dən gedirsə, mükafatı kimin almasının mənim üçün fərqi yox idi. Mən ənənəni yaratmaq istəyirdim. Bir şeyi dəqiq bilirəm, - istər dövlət olsun, istər jurnalistika, - ənənəsi olmayan heç nə dayanaqlı olmur. Bu gün Zərdabinin ənənələri qırılıb deyə, Azərbaycan jurnalistikası heç nəyə söykənmir. Hətta 1980-ci illərin sonu, 90-cı illərin yaratdığı Nəcəf Nəcəfov ənənələrinə belə söykənmir. Biri bir Allaha, digəri başqa bir Allaha sitayiş edir. Bunlara son verib bir nizamnamə, peşə əxlaqı kodeksi qəbul olunmalıdır. Vahid prinsiplər qorunmalıdır.

- “Media açarı” mükafatını bərpa etməyi düşünürsüzmü?

- Hələ ki yox. Bu barədə bir daha müzakirə edəcəyik. Çünki sosial şəbəkələrdə açılan müzakirələrdə də mükafatın bərpa olunması barədə çoxlu təkliflər oldu. Hesab edirəm ki, bu, indiki şəraitdə iki səbəbdən mümkün deyil. Birinci ona görə ki, “Yeni Nəsil”in bank hesabı ilə bağlı olan problem davam edir. İkinci səbəb ondadır ki, mediadakı böhran hələ davam edir. Bu böhran əvvəllər gizlədilirdi. Açıq şəkildə Azərbaycan jurnalistikasının dünya səviyyəsində olduğu, eləcə də regionda və Avropada qabaqcıl jurnalistikaya sahib olduğumuz deyilirdi. Amma sonra dövlət rəhbərliyi tərəfindən etiraf edildi ki, çox ciddi problemlər var, tənəzzül prosesi gedir. Demək olar ki, çap jurnalistikası yoxdur. Hətta Prezident Aparatının rəhbərliyi səviyyəsində televiziya jurnalistikasından kifayət qədər şikayətlər oldu.

- Ayrı-ayrı qurumlar, fondlar, eləcə də jurnalist birlikləri müəyyən əsasnamə ilə mükafat verə bilirlər, eyni məntiqlə dövlət də öz kriteriyaları baxımından mükafat verə bilməzmi?

- Jurnalistikanın öz mahiyyətindən irəli gələrək verə bilər. Ancaq dünyasını dəyişmiş, peşəsi ilə məşğul olmayan və yaxud sosial cəhətdən hansısa məhdudiyyəti olan jurnalistlərə verə bilər. Məsələn, hərbi bölgələrdə vəfat edən jurnalistimiz oldu. Onların ailələrinin qayğısına qalmaq lazımdır. Elə jurnalistlərimiz olub ki, peşə fəaliyyətini yerinə yetirəndə ayağı sınıb, üstündən maşın keçib, döyülüb, elə fiziki xəsarətlər alıb ki, sonradan onu bərpa etmək mümkün olmayıb. Mənim fikrimcə, bunlara qayğı göstərmək lazımdır.
Dövlət tərəfindən mediaya qayğı ayrı-ayrı kütləvi informasiya vasitələrinə və fərdlərə deyil, bütövlükdə institutlara, bu peşənin inkişafına xidmət etməlidir. Məsələn, indiyədək qəzetlərin hamısına çox böyük vəsaitlər ödənilib. Hanı o qəzetlər?! O qəzetlərin tirajımı, işlərimi, gəlirlərimi artdı, yoxsa nüfuzumu böyüdü, onlar dünya mediasınamı çıxdılar, yaxud çap keyfiyyətimi yüksəldi?!

Bunun əvəzinə onlarla mətbəə qurmaq və jurnalistlər üçün bütün nəqliyyat vasitələrindən istifadəni pulsuz etmək olardı. Eyni zamanda yayım infrastrukturunu yenidən bərpa etmək olardı. Bu, olardı mediaya qayğı. Görərdik ki, ildən-ilə tirajlarımız da artır, auditoriyamız da böyüyür, saytlarımız da güclənir, xaricdə media şəbəkələri də yaradardıq. Yoxsa 20 qəzetə maliyyə vəsaiti ayırmaqla problem köklü həll edilməz.

Bu gün eyni problemləri müzakirə edirik. Əgər dünya mediasının gündəminə baxsaq görərik ki, onlar saxta xəbərləri, internetin tənzimlənməsinin formalarını, KİV-in yeni formata keçməsini müzakirə edirlər. Biz isə müzakirə edirik – fəxri adı vermək lazımdır, ya yox, ev paylamaq olar, ya yox, jurnalist sözü səhv yazanda cəriməni bu qədər edək, yoxsa bu qədərmi... Bu qədər problemin içərisində bir-birimizə hücum edirik.

- Dünya praktikasında, eləcə də MDB məkanında jurnalistlərə mükafat və mediaya dövlət dəstəyi məsələləri necə tənzimlənir?

- Mediaya dəstək hər yerdə var. Çünki media orqanları bazar elementləri olsa da, bir çox hallarda özlərini tənzimləyə bilmirlər. Xüsusilə icmalarla, uşaqlarla, yaxud milli azlıqlarla işləyən KİV-lər. Ona görə bir çox ölkələrdə mediaya yardım mexanizmləri var. Məsələn, İsveçdə bu mexanizm bazarda rəqabəti qorumaq üçün nəzərdə tutulub və həmişə KİV-in inkişafı üçün onlara müəyyən formada yardımlar ayrılır. Böyük Britaniyada və Amerikada bunlar daha çox müəyyən məsələlərlə əlaqədar dövlət sifarişləri vasitəsilə, yaxud güzəştlərlə həyata keçirilir ki, bu da bütün mediaya aid olur. Keçmiş MDB məkanında vəziyyət xeyli mürəkkəbdir. Bəzi ölkələrdə sovetdən qalma praktika, əməkdar jurnalist adı vermək və yaxud hansısa formada üstünlüklər təmin etmək qalır.

- Sizcə, media-dövlət münasibətləri hansı səviyyədə olmalıdır?

- İlk növbədə dialoq olmalıdır. Azərbaycanda bu dialoq 90-cı illərin əvvəlindən 2002-ci ilə qədər olub. Bunun gözəl nümunələri var. Mərhum prezidentlər Əbülfəz Elçibəyin və Heydər Əliyevin dövrlərində görüşlər təşkil olunurdu. Biz bu görüşlərdə ciddi problemlərin həll olunması, Azərbaycan jurnalistlərinin parlamentin bütün qanunvericilik təşəbbüslərində bilavasitə iştirak etməsi dövrünü keçmişik. Hətta jurnalistlər parlamentin qanunvericiliklə bağlı komissiyalarının tərkibində iştirak edirdi. Vaxtilə “Yeni Nəsil” parlamentə dörd qanun layihəsi təqdim edib. Bunlar mərhum prezident Heydər Əliyevin dövründə olub. Bu layihələrin ikisi parlamentdə tam formada keçib, digəri isə qismən başqa qanunvericiliyin tərkibinə daxil olub. İndi hansı jurnalist təşkilatını parlamentə yaxın buraxırlar? Jurnalistlərin dövlət strukturlarının rəhbərləri ilə görüşü keçirilirdi. Medianın verdiyi informasiya dövlət üçün onun öz strukturlarından da, idarəçiliyin necə olduğunu, hansı korrupsiya hallarının baş verdiyini, harada uğurlu kadrların olduğunu müəyyənləşdirmək üçün vacibdir.

Güclü media tək cəmiyyətə və müxalifətə yox, həm də hakimiyyətin özünə lazımdır. Hakimiyyət birinci böhranı orada hiss etdi ki, onun özünə lazım olan vəzifələri media həyata keçirə bilmədi. Mətbuat xidmətləri dövlətin gördüyü işləri cəmiyyətə təqdim edə bilmirdi. Mətbuat xidmətləri informasiyanın ötürülməsi yox, gizlədilməsi strukturuna çevrilmişdi.

Qarabağ məsələsində bir balaca dirçəliş oldu, potensialımız üzə çıxdı. Medianın bu potensialından istifadə edən yoxdur. Bizə inkişaf etmək, cəmiyyətimizi, jurnalistikamızı qabağa aparmaq, eləcə də dövlət-cəmiyyət münasibətlərini tənzimləmək üçün professional münasibət lazımdır. Həm də bazarda alnı açıq, üzü ağ özümüz qazanıb özümüz yemək üçün şərait lazımdır.

- Arif müəllim, hansı yerli KİV-ləri izləyirsiz?

- Bunlar daha çox professional maraqla bağlıdır. İnformasiya mənbəyi olaraq hansısa KİV-ə bağlı deyiləm. Bu həftə bir qəzetə və ya televiziyaya diqqət yetirirəmsə, gələn həftə başqasına baxıram. Bu da proseslərin hara getdiyini və hansı dəyişikliklərin baş verməsini izləməklə bağlıdır. Əsas informasiya mənbəyi olaraq saytlardan və sosial şəbəkələrdən istifadə edirəm.

- Müxalifət partiyasının rəhbəri Əli Kərimlidən müsahibə almağınız hansı zərurətdən yarandı?

- İlkin zərurət ondan ibarətdir ki, Azərbaycanda fikir plüralizmi və buna dözüm çox aşağı səviyyədədir. Plüralizm odur ki, bir platformada həm müxalifət liderinin, həm dövlət rəhbərinin, həm də müstəqil bir şəxsin fikrini eşidə biləsən və onların müqayisəsini aparasan. Gördüm ki, faktiki olaraq Əli Kərimli yerli kütləvi informasiya vasitəsində çıxış etmir, bütün qapılar bağlıdır. Cəmiyyət onun fikrini onsuz da xarici KİV-lərdən eşidir. Açılım daxildə getməlidir, bəlkə bu adam ağıllı söz deyir, yaxud bəlkə də heç ağlabatan söz demir.
Xarici KİV-lərdən yayılan məlumatlar daha çox təbliğat xarakteri daşıyır. Bizə o təbliğat yox, real informasiya, proseslərlə real baxış və təkliflər lazımdır. Bunun başlıca səbəbi Azərbaycanın daxili KİV-lərini fərqli fikir və mövqelərə açmaq idi.

- Aça bildinizmi?

- Gözləyirdim ki, proses bundan sonra daha sürətlə gedəcək, təəssüf ki, ciddi bir dəyişiklik hələ ki görmürəm. Hesab edirəm ki, yerli KİV-ləri dəyişmək, xaricdən gələn KİV-lərin aqressivliyini azaltmağın, nifrət dilini aradan qaldırmağın başlıca yolu daxildə plüralizmə geniş imkan yaratmaqdır. Əli Kərimli müsahibəsini verdi, fikirlərini söylədi və inqilab da baş vermədi. O müsahibədə əks fikirlər də var idi. Bunu digər KİV-lərdə də etməliyik. Çünki bilirik ki, müxalif səslər həm də auditoriyanın mühüm bir qismidir. KİV bu auditoriyanı da əhatə etməlidir. Yerli KİV-ləri ancaq iqtidar tərəfdarları yox, müxalifətçilər də oxumalıdır.

- Ötən ay Tovuzda baş verən erməni təxribatında medianın fəaliyyətini necə qiymətləndirirsiz?

- Media Tovuz hadisələri zamanı vicdanla bacardığını ortaya qoydu. Medianın bu gün bacardıqları bu cür miqyaslı hadisələr zamanı kifayət deyil. Məsələn, jurnalistlərimiz çox vicdanlı səhvlər buraxdılar. Yəni bunlar düşmən dəyirmanına su tökmək üçün və yaxud qəsdlə törədilmiş səhvlər deyildi. Sadəcə, bacarmırdılar.
Azərbaycanda hərbi əməliyyatların işıqlandırılması üzrə ixtisaslaşmış jurnalistlər yox dərəcəsindədir. Çünki hər dəfə bu cür hadisələr baş verəndə hay-küy qalxır ki, biz bu sahədə mütəxəssislər hazırlamalıyıq, jurnalistlər ixtisaslaşmalıdır, amma hadisələr bir az səngiyəndən sonra hər şey yaddan çıxır. Əvəzində bir az qanunvericilik sərtləşdirilir, bir az qadağalar artırılır, qalan hər şey olduğu kimi qalır.

Vaxt var idi Azərbaycanın hərbi jurnalistləri nəinki Qafqaza, bütün dünyaya xidmət edirdi. Çingiz Mustafayev, Fərhad Kərimov, Nazim Rəhimov kimi o qədər hərbi jurnalistlərimiz olub ki, dünyanın aparıcı telekompaniyaları hərbi məlumatları onlardan alırdı. Onlar Qarabağda, Gürcüstanda, Özbəkistanda, Qırğızıstanda, Çeçenistanda, Tacikistanda gedən hərbi əməliyyatları əsas işıqlandıran jurnalistlər idi. Bu, bizə indi də çox lazımdır, çünki heç kim bilmir Qarabağ münaqişəsi neçə il davam edəcək.

Qanunları dəyişməklə hərbi jurnalist yetişdirmək və hərbi informasiyaların keyfiyyətini artırmaq olmaz. Hərbi jurnalistika peşənin içində xüsusi bir peşədir. Jurnalist hərbi paltar geyinib efirə çıxır ,adam bilmir gülsün, yoxsa ağlasın. 30 il müharibə gedən ölkənin hərbi sahədə ixtisaslaşmış jurnalistlər qrupu olmalıdır. Əks halda biz səhvlərdən yayına bilmərik.

Həmin ərəfədə sosial şəbəkələrdə bağlı problemlər də oldu. Ənənəvi jurnalistikada gedən səhvlərin əksəriyyəti vicdanlı idisə, sosial şəbəkələrdə gedən səhvlərin böyük əksəriyyəti vicdansız idi. Onlar saxta profillərlə yayılan yalan məlumatlar idi. Bu yalan məlumatları vaxtında aşkarlayıb əks tədbirlər görmək üçün bir mübarizə sistemi olmalıdır. Bu, dünya mediasının ən çox müzakirə olunan məsələlərindən biridir.

Ümumiyyətlə, sosial şəbəkələr çox mürəkkəb bir mühitdir. Onun jurnalistika kimi nəzarət mexanizmi, kadr hazırlığı və institutları yoxdur. Burada informasiya təhlükəsizlik sistemləri qat-qat ciddi işləməlidir.
Amma bütövlükdə jurnalistlərimizə təşəkkür edərdim ki, çox mürəkkəb və məhdudlaşdırıcı şəraitdə vicdanla öz işinin öhdəsindən gəlməyə çalışdılar. Onlar bu hadisələri hətta Azərbaycanın hüdudlarından kənara çıxarmağa müvəffəq oldular.


Müəllif: Yeganə Oqtayqızı