4 Avqust 2020 22:13
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümummilli məsələlərdə iqtidar müxalifət eyni mövqedən çıxış etməlidir. Bütövlükdə xalqın, cəmiyyətin əziyyət çəkdiyi bir məsələyə heç kəs sevinməməlidir. Amma təəsüflər olsun ki, neftin qiymətinin aşağı düşməsindən və insanların sağlamlığını təmin etmək üçün tətbiq edilən karantin rejimindən belə siyasi şou yaradanlar var. “Milli Şura”nın sonuncu vidiokonfransında da karantin rejiminin uzadılmasına sevinclə reaksiya verənləri cəmiyyət birmənalı olaraq qəbul etmir. Bu oyuncaq qrumun üzvləri vurğulayır ki, karantin rejimi uzanacaq və narazılıq yaranacaq, onlar da öz çirkin məqsədləri üçün bundan istifadə edəcəklər.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Qeyd edib ki, müxalifəti təmsil edən bir qurumun üzvlərinin bu cür yanaşması xoşagələn və qəbul edilən deyil.

Millət vəkili bildirib ki, ümumi bir bəlaya qarşı mübarizədə hər kəs aktiv olmalıdır: “”Milli Şura” üzvlərinin məhz dövlətin karantini uzatmaq qərarından toy-bayram əhvalına düşməsi heç bir halda normal bir yanaşma deyil. Eyni zamanda xaricdəki diaspor təşkilatlarımız ermənilərin vandalizminə qarşı çıxarkən məhz müəyyən qrupların təmsilçiləri də erməni mövqeyindən çıxış etməyə başladı. Sözsüz ki, bu onların tabe olduqları dairələrin və qrupların mövqeyindən asılı idi. Milli məsəllərdə heç bir siyasi qüvvə ayrı seçkiliyə yol verməməlidir prinsipinin necə mahiyyət kəsb etdiyini müşahidə etdik. Son proseslərdə isə biz bunun tamam əksini gördük. Özünü müxalifət adlandıran bəzi qüvvələr sırf bağlı olduqları dairələrə xoş olsun deyə açıq şəkildə düşmən mövqeyindən çıxış etdilər”.

Ceyhun Məmmədov Azərbaycan xalqının bu prosesləri diqqətlə izlədiyini və bu cür qruplara və şəxslərə qarşı hər zaman birmənalı mövqe sərgilədiyini bildirdi.

Vurğuladı ki, neftin qiymətinin aşağı düşməsinə, virusla bağlı tətbiq edilən karantin rejiminə başqa rakursdan yanaşmaq absurd bir məsələdir:

“Karantin rejimi insanların sağlamlığını təmin etmək və xəstəliyin yayılma arealını məhdudlaşdırmaq üçün tətbiq edilir. Bu məsələdə hər kəs gücünü səfərbər etdiyi halda bəzi müxalif ünsürlər qıcıq yaratmağa cəhd edir. Cəmiyyətimiz onların bu cür düşmən mövqeli yanaşmalarına hər zaman sərt reaksiya verib. İndiki halda bu cür siyasi oyunbazlıq etmək yolverilməzdir. Məhz bu səbəbdən də bu cür qüvvələrin cəmiyyət daxilində heç bir sosial dayağı mövcud deyil”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər