10 Oktyabr 2014 16:14
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) öz işini davam etdirən II Baş Assambleyası çərçivəsində yaradıcı gənclərin dinlər və mədəniyyətlər arası dözümlülük və əməkdaşlıq ideyalarının təbliği mövzusunda beynəlxalq fotomüsabiqəsi layihəsi olan “Photo4Tolerance” layihəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

İƏT-dən Teleqraf.com-a verilən məlumata görə, İKGF Baş katibi Elşad İskəndərov mərasimdə çixiş edərək bildirib ki, bu il fevral ayında start verilən layihə gənclər arasında mədəni və dini müxtəliflilik sahəsində tolerantlıq ideyalarının təbliğinə və sivilizasiyalararası sülhün bərgərar olmasına yönəlmişdir. Onun sözlərinə görə, layihənin ideyasi İKGF ilə BMT Sivilizasiyaların Alyansı tərəfindən ötən il, Heydər Əliyev Fondunun təşəbbüsü ilə UNESCO-da keçirilmiş Seyid Yəhya Bakuviyə həsr edilmiş simpozium zamani səsləndirilib: “Bu müddət ərzində dünyanın müxtəlif ölkələrindən olan gənc fotoqraflar müsabiqəyə dünyəvi dinlərin humanist ideyalarını özündə əks etdirən 400-ə yaxın fotorəsm göndəriblər”.

İKGF və BMT Sivilizasiyaların Alyansınin birgə təşəbbüsü olan müsabiqənin sonunda professional fotoqraflardan və beynəlxalq ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən 3 əsas və 2 həvəsləndirici mükafatla təltif olunan qaliblərin adları açıqlanıb.

İƏT Gənclər Forumunun Baş Assambleyası nümayəndələrinin və müsabiqəyə qatılanların iştiraki ilə Bogaz turu zamanı gerçəkləşdirilən mərasimdə 1-ci yerin qalibi hindistanlı iştirakçı Sourav Karmakarın “Mənə qırmızı verin” adlı, 2-ci yerin qalibi indoneziyalı İmas Nisa Fuciatının “İstiqlal məscidi” adlı, 3-cü yerin qalibi, azərbaycanlı iştirakçı Albina Rzayevanın “Bakı: ruhumuzun rəsmi” adlı rəsmləri pul mükafatları ilə təltif ediliblər. Eyni zamand kotdivuarlı iştirakçı Kone Mamadoya “Müzakirə”, Azərbaycan iştirakçısı Aygün Şirinovaya “Dua” adlı rəsmlərinə görə də həvəsləndirici mükafat olaraq planşetlər təqdim edilib.

Mərasimdə çıxış edən qaliblər bu layihəyə görə İƏT Gənclər Forumuna öz təşəkkürlərini bildirib, yüzlərlə yaradıcı gənci əhatə edən və özünü reallaşdırmağa imkan yaradan, ilk növbədə isə müxtəlif ölkə gəncləri arasında dini və mədəni müxtəlifliyə hörmət prinsiplərini inkişaf etdirmək kimi qlobal əhəmiyyətə malik bu layihənin Azərbaycanda mövcud tolerantlıq ənənələrindən ilham aldığına inamlarını qeyd ediblər.

BƏXTİYAR


Müəllif: