6 Avqust 2020 10:57
2 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qəbələ şəhərində şəhid general-mayor Polad Həşimov adının Həzi Aslanov küçəsinə verilməsi ilə bağlı əsassız məlumatlar yayılır.

Qəbələ Rayon İcra Hakimiyyətindən Teleqraf.com-a verilən məlumata görə, Polad Həşimovun adı Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə verilib.

Polad Həşimov küçəsi başlanğıc nöqtəsi Həzi Aslanov küçəsi ilə kəsişmədən başlayaraq son nöqtəsi Arif Haqverdiyev küçəsi ilə kəsişməyədək davam edir.

Həzi Aslanov küçəsinin adı isə dəyişdirilməyib. Bu küçənin başlanğıc nöqtəsi Heydər Əliyev prospekti ilə kəsişmədən başlayaraq son nöqtəsi 1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı həlak olmuş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidə kompleksinədək uzanır.

Bir daha kütləvi informasiya vasitələrini və sosial media istifadəçilərini həqiqətə uyğun olmayan məlumatlar yaymamağa və ictimaiyyətdə çaşqınlıq yaratmaqdan yayınmağa çağırırıq.

***

09:38

Qəbələdə şəhid general Polad Həşimovun adına verilmiş küçənin əvvəllər adı olmayıb.

Bu sözləri Teleqraf.com-a Qəbələ rayon icra hakimiyyəti başçının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova deyib.

Onun sözlərinə görə, Qəbələ şəhərində Həzi Aslanov küçəsinin adının dəyişdirilərək şəhid general Polad Həşimovun adına verilməsi barədə yayılan məlumatlar doğru deyil.

Müavin bildirib ki, general Polad Həşimovun adına verilən küçənin başlanğıcı Həzi Aslanov küçəsi ilə kəsişmədə yerləşir: “Küçələrin kəsişməsi yanlış rəy yaradıb. Halbuki hər iki küçə tamamilə ayrıdır. Tezliklə icra hakimiyyətinin saytında müvafiq məlumat yerləşdiriləcək”.


Müəllif: Aysel Azad