Fəlsəfə və Hüquq İnstitutunda görkəmli şərqşünas alimi andı
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda görkəmli şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, prof. Aida İmanquliyevanın anadan olmasının 75-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Fəlsəfə və Hüquq İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, tədbiri institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə açıb və Aida İmanquliyevanın Azərbaycan qadınına örnək həyat yaşadığını söyləyib. Atası, görkəmli jurnalist, əməkdar elm xadimi Nəsir İmanquliyev kimi onun da Azərbaycan tarixində müstəsna xidmətləri olduğunu dilə gətirib.
Beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin müdiri, tarix elmləri doktoru, prof. Həsən Əlibəyli alimin ömür yolundan və elmi-pedaqoji fəaliyyətindən danışıb, onun haqqında xatirələrini bölüşüb. O, Aida İmanquliyevanın qazandığı elmi nailiyyətlərdən bəhs edərkən alimin ərəb ədəbiyyatının tədqiqində gördüyü işləri xüsusilə vurğulayıb. Bildirib ki, alim yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasında əvəzsiz rol oynayıb, Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi illərdə təşkilatçılıq fəaliyyəti ilə də məşğul olub.
İnstitutun elmi işlər üzrə direktor müavini, hüquq üzrə elmlər doktoru, prof. Bəhram Zahidov Aida İmanquliyevanın ilk azərbaycanlı ərəbşünas qadın olduğunu, Azərbaycanda şərqşünaslıq elminin inkişafında böyük xidmətlər göstərdiyini qeyd edib.
Tədbirin davamında Estetikanının nəzəri və tətbiqi problemləri şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Adil Əsədov, Fəlsəfə və ictimai fikir tarixi şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru, əməkdar elm xadimi Zümrüd Quluzadə, Sosiologiya və sosial fəlsəfə şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Rəfiqə Əzimova, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Xaliq Əhmədzadə Aida İmanquliyevanın şərqşünaslıq elminin inkişafına verdiyi töhfələrdən, onun insani keyfiyyətlərindən danışıblar.
NİGAR