8 Avqust 2020 11:11
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karantin rejiminin yumşaldılması mərhələli şəkildə həyata keçirilir. Bu yumşalmalar dünya təcrübəsinə uyğundur.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Mərhələli şəkildə yumşalmalar riskləri azaldır. Məhz bu səbəbdən addım-addım açılmalara gedəcəyik. Bəli, yumşalmalar zamanı yoluxmaların artması mümkündür. Bizim qarşımızda duran ən vacib məsələ virusun yoluxma sürətinin azaldılmasıdır".

Şahmar Mövsümov bildirib ki, bu gün əsas qayda karantin rejiminin ən sadə tələblərinə riayət etməkdir:

"Bu, çox vacib məsələdir və hər birimizdən asılıdır. Digər istiqamət isə həmin tələblərə nəzarətin həyata keçirilməsidir. Bunun yükü dövlətin üzərinə düşür və çox ciddi addımlar atılacaqdır. Bu gün Baş Nazir tərəfindən bununla bağlı iclas keçiriləcək. Başqa diqqət yetirilən məqam isə yoluxmaların erkən aşkarlanması və vaxtında təcrid olunmasıdır. Bu üç istiqamətdən önəmlisi və ən çox sürətə təsir edən amil birincidir. Hər birimiz qaydalara riayət etsək, virusun yayılma sürəti azalacaq. Əks halda yenidən bağlanmalara getməli olacağıq".

O qeyd edib ki, təəssüf ki, əksər insan bu qapanmaları başqa istiqamətə yönəldir:

"Bəziləri virusun olmadığını, başqa ölkələrdə karantin rejiminin tətbiq olunmadığını deyir. Heç yerdə virusa qalib gəlinməyib. Virus bizimlədir, aramızdadır. Biz karantin rejimi nəticəsində böyük əziyyətlə yoluxmaların azalmasına nail olmuşuq. Ölkə başçısının da qeyd etdiyi kimi əziyyətlə əldə etdiyimiz bu nəticəni itirməyək".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər