Prezident İlham Əliyev “Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” 2010-cu il 14 iyul tarixli sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, sərəncama əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti yaradılıb.
Eyni zamanda Respublika Toxum Müfəttişliyinin, Azərbaycan Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının və Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti yaradılıb.
Bundan əlavə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti adlandırılıb.
Həmçinin, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturu” təsdiq edilib.
Sərəncama əsasən Kənd Təsərrüfatı Nazirliyi aparatının işçilərinin say həddi 215 ştat vahidi, rayon və şəhər idarələrinin işçilərinin say həddi 780 ştat vahidi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparatının işçilərinin say həddi 36 ştat vahidi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti aparatının işçilərinin say həddi 26 ştat vahidi, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti aparatının işçilərinin say həddi 40 ştat vahidi, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti aparatının işçilərinin say həddi 24 ştat vahidi, Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi aparatının işçilərinin say həddi 7 ştat vahidi, onun tabeliyində olan rayon (şəhər) dövlət texniki nəzarət müfəttişliklərinin işçilərinin say həddi 87 ştat vahidi müəyyən edilib.
Nazirlər Kabinetinə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin əsasnamələrinin layihələrini üç ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.
Səxavət