10 Oktyabr 2014 20:53
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Ağdaş rayonunda gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib. Teleqraf.com xəbər verir ki, çağırışçı gənclər əvvəlcə ulu öndər Heydər Əliyevin Ağdaş şəhərindəki abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Şəhərdəki Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən tədbirdə rayon icra hakimiyyətinin, idarə və təşkilatların nümayəndələri, müharibə veteranları, hərbçilər və valideynlər çıxış edərək ordu sıralarında qulluq etməyin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırıblar. Gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmaq, komandirlərin hər bir tapşırığını vaxtında yerinə yetirmək tövsiyə edilib. Çağırışçı gənclərin hərbi xidmətə böyük həvəslə getmələri ordu quruculuğundakı uğurların nəticəsi kimi qiymətləndirilib.

Mərasim iştirakçıları hərbi xidmətə yola salınan gəncləri təbrik edərək dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında Azərbaycan Ordusunun müstəsna rolundan danışıblar. Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi bildirilib. Qeyd edilib ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri mənfur düşməni hər an məhv etməyə qadir güclü maddi-texniki bazaya malikdir. Regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

Eyni zamanda, xüsusi olaraq qeyd edilib ki, son illər rayonun gəncləri arasında hərbi çağırışdan yayınma halları qeydə alınmayıb. Mərasimin sonunda çağırışçı gənclər Azərbaycanın üçrəngli bayrağını öpərək müqəddəs Qurani-Kərimin altından keçiblər və hərbi hissələrə yola düşüblər.


Müəllif:

Oxşar xəbərlər