Cari ilin sentyabr ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 1 milyon 764 min 278 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu müddətdə 131 PHS aşkar edilərək zərərsizləşdirilib.
ANAMA-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, əməliyyatlarda 484 minaaxtaran mütəxəssis və 118 yardımçı heyət üzvü iştirak edib. Əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it cəlb olunub.
İndiyədək cəmi 268 milyon 475 min 640 kvadratmetr ərazi təmizlənib, 690 min 681 PHS və mina tapılıb zərərsizləşdirilib. Təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Goranboy, Qazax, Füzuli və Tərtər rayonlarında, eləcə də Qaradağ rayonunun Səngəçal qəsəbəsində davam etdirilir.
Sentyabr ayı ərzində mina və PHS hadisəsi qeydə alınmayıb.