Xəzər dənizində suyun səviyyəsi ötən illə müqayisədə 3-4 santimetr azalıb.
Teleqraf.com-un məlumatına görə, bunu İranın Milli Okeanoqrafiya və Atmosferik Elmləri İnstitutunun direktor müavini Həmid Əlizadə deyib.
H.Əlizadənin sözlərinə görə, Xəzərin səviyyəsinin aşağı düşməsinin əsas səbəbi dənizə daxil olan suyun azalması və buxarlanmanın çox olmasıdır.
O, əlavə edib ki, suyu Xəzər dənizinə tökülən çaylar arasında Volqa çayı əsas təminatçıdır:
"Volqa çayının suyu çox olduğu vaxtlarda ildə 300 milyard kubmetrdən çox su Xəzər dənizinə tökülür. Çayın suyu az olduğu vaxtlarda isə onun yarısı dənizə daxil olur".
H.Əlizadə bildirib ki, Volqa çayı ilə müqayisədə digər çayların rolu o qədər də böyük deyil:
“Xəzər dənizində səviyyənin azalmasına təbii amillərin artdığı və iqlim dəyişikliyinin səbəb olduğunu nəzərə alaraq, dənizdə suyun həcminin qorunması üçün ən yaxşı yol insan amilinin azaldılmasıdır” –deyə o qeyd edib.
İnstitut rəsmisi deyib ki, Xəzər dənizinin suyundan istifadədə insan amili 10 il müddətinə azaldılarsa və istifadə 100 il öncəki səviyyədə qalarsa, dənizin səviyyəsi təxminən 1 metr artar.