Küveyt hökuməti əmək bazarındakı və demoqrafik quruluş üzərindəki disbalansı aradan qaldırmaq üçün yarım milyondan çox xarici işçini deportasiya etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Küveyt İqtisadiyyat naziri Məryəm el-Akil parlamentin İnsan Resursları İnkişaf Komissiyasına təqdimat verib.
Nazir əmək bazarındakı disbalansın aradan qaldırılması üçün hazırlanan plana uzun, orta və qısa müddətli həll yollarının daxil olduğunu bildirib:
“Qısamüddətli həll yolu olaraq ölkədə yaşayan 360 min xarici işçinin ölkədən çıxarılması planlaşdırılır. Bunların arasında 120 min nəfər qanunsuz yaşayır, 150 min işçi 60 yaşdan yuxarıdır və ya xroniki xəstədir, 90 mini isə təhsilsiz və bacarıqsız işçidir”.
Akil orta və uzun miqyaslı həllər çərçivəsində özəl və dövlət sektorunda texnoloji xidmətlər göstərilməsi üçün tapşırıq veriləcəyini də deyib:
“Katiblik, mühasibat uçotu, inzibati, hüquq, kompüter, inşaat və maşınqayırma mühəndisliyi peşələrində özəl sektorda 160 min məşğulluq tədricən ləğv ediləcək. Bununla da dövlət sektoruna axının azaldılması planlaşdırılır”.