Milli Onkologiya Mərkəzinin mobil diaqnostika kompleksi Qəbələ Rayon Mərkəzi Xəstəxanasında onkoloji xəstəliklərlə bağlı humanitar aksiya keçirib.
Teleqraf.com xəbər verir ki, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə keçirilən aksiyada tibb mərkəzinin yüksək ixtisaslı mütəxəssislərindən ibarət 18 nəfərlik nümayəndə heyəti iştirak edib.
Əsas məqsəd rayon sakinlərini xərçəng xəstəliyi ilə bağlı müayinədən keçirmək və aşkar edilən xərçəngönü xəstəliklərin vaxtında müayinə olunaraq nəzarətə götürülməsi olub. İki gün ərzində rayon sakinlərinə konsultativ-diaqnostik və profilaktik yardım təşkil edilib. Müxtəlif xəstəliklərdən əziyyət çəkən xəstələr müayinə olunub, pulsuz konsultasiya keçirilib.
Pasiyentlərə ağciyərin rentgen və ultrasəs müayinəsi, mamoqrafik müayinə keçmək, habelə qadınlarda süd vəzi xəstəlikləri və şişlərin əlamətlərinin vaxtında aşkar olunması üçün lazımi şərait yaradılıb.Gün ərzində müayinələr uğurla davam etdirilib.
Müayinələr zamanı onkoloji, sonsuzluq və digər xəstəliklərdən əziyyət çəkənlər aşkar olunub. Xəstələrin bir qismi rayon mərkəzi xəstəxanasında müalicəyə cəlb edilib, digər xəstələrə isə müalicə üçün Bakı şəhərindəki xəstəxanalara göndəriş verilib.