11 Avqust 2020 12:18
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 10-da qazax yazılı ədəbiyyatının banisi, türk dünyasının böyük şairi, mütəfəkkiri, ictimai xadimi, tərcüməçisi, bəstəkarı Abay Kunanbayevin dünyaya gəlişinin 175 ili tamam olub. Bununla əlaqədar Bakıda Abayın adını daşıyan küçədə şairin xatirə lövhəsi açılıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan Teleqraf.com-a verilən məlumata görə, tədbirdə beynəlxalq və ictimai təşkilatların rəhbər və nümayəndələri, diplomatlar, ziyalılar iştirak edib.

Mərasimi Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkərimov açıb.

Tədbirdə fəxri qonaq qismində iştirak edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyətə baxmayaraq, Abay Kunanbayevin 175 illik yubileyinin bütün türk dünyasını bir araya toplayan əlamətdar hadisə olduğunu qeyd edib.

Fondun prezidenti dostluq, min illər əvvəl dərin kökləri və ənənələri olan xalqlarımızın tarixi şəxsiyyətlərinə verdiyi dəyərindən, müasir dünyada təməli ölkələrimizin böyük milli liderləri Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən qoyulmuş qardaşlıq münasibətləri və bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən uğurla davam etdirilməsi haqqında danışıb.

Fondun prezidenti qazax mütəfəkkiri, şair və maarifçi Abay Kunanbayevin çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirib:
“Abay Kunanbayevin şəxsiyyəti, bizə bəxş etdiyi nəhəng mirası, neçə-neçə nəsillərdən keçdiyi əsərləri qazax xalqının milli şüuruna, eləcə də türk dünyası xalqlarının həmrəyliyinə böyük təsir göstərib. Bu, Qazaxıstan və Azərbaycan xalqları arasındakı dostluğun təcəssümüdür”.
Günay Əfəndiyeva Abay Kunanbayevin təkcə qazax xalqının deyil, həm də bütün türk dünyasının tarixində parlaq iz buraxdığını və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun məqsədinin türk mədəni irsinin müxtəlifliyi və zənginliyi ilə tükənməz mövzuların öyrənilməsi, qorunması, təbliği, əcdadlarımızın böyük mənəvi irsinə hörmət, dünya ictimaiyyətini türk dünyasının mədəni dəyərləri ilə tanış etməkdən ibarət olduğunu qeyd edib.

Açılış mərasimi musiqisi və sözləri Abay Kunanbayevə məxsus olan “Jelsiz tünde yarı ay” mahnısının ifası ilə başa çatıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər