18 Avqust 2020 15:16
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sahibkar Taleh Bədəlova ona məxsus mağazanın qanunsuz olaraq söküldüyünü iddia edir.

Bərdə rayon sakini Taleh Bədəlov Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevdən şikayətçidir.

Sahibkar Teleqraf.com-a açıqlamasında qeyd edib ki, Heydər Əliyev prospektində yerləşən mağazanın söküntüsünə 2011-ci ilin sentyabr ayında başlanılıb.

Şikayətçinin sözlərinə görə, ərazidə onunla yanaşı 8 sahibkarın da mağazası icra başçısının göstərişi ilə dağıdılıb:

“Həmin vaxt Vidadi İsayevin qəbulunda oldum. Dedi ki, Bədəlov, bura çox gəlməyin, camaatı da yığıb gətirmə, ərazidə park salınacaq. Söz verdilər ki, başqa yerdə dükan açmaq üçün yer veriləcək. Nə mənə, nə də digər 8 sahibkara heç bir kompensasiya ödənildi. 2019-cu ildə park salınan ərazini, mağazamın söküldüyü yeri başqa bir şəxsə satıblar. Orada müəyyən hasarlama işləri də getmişdi. İndi hörgünü söküb yerinə dəmir konstruksiyalı başqa bir mağaza qoyublar. İcra başçısının müavini Vahid Qarayev iddia edir ki, mənə yer veriblər, gah orada mənim yerimin olmadığını, gah da mağazanı mənim sökdüyümü deyir. Bildirirəm ki, əgər bu iddiaları yazıb sübut edə bilmirəmsə, mənim özümə cinayət işi açılsın”.

Taleh Bədəlov deyib ki, 2019-cu ildən müxtəlif məhkəmələrə şikayət etsə də, işə ədalətli baxan yoxdur:

“Bərdə Rayon Məhkəməsi 6 ay şikayətimə baxmırdı ki, iş barədə İnzibati-İqtisad Məhkəməsinə müraciət edəm. Çətinliklə Gəncə İnzibati-İqtisad Məhkəməsinə şikayət etdim. Məhkəmənin birinci mərhələdəki baxışı, hakimin çıxışı məni çox qane etmişdi. Amma ikinci məhkəmə başlayanda heç sözümə də baxan olmadı. İqtisad məhkəməsi işi Bərdə Rayon Məhkəməsinin araşdırmalı olduğunu deyib, şikayətimə rədd cavabı verdi. Qərardan Gəncə Apellyasiya Məhkəməsinə şikayət etdim. Bu məhkəmə də işə Bərdə Rayon Məhkəməsinin baxması ilə bağlı qərar verdi. Hələlik işə baxılmamış saxlatdırdım. Hətta rayon prokurorluğuna da şikayət etmişəm, mənə bildiriblər ki, biz icra başçılarının işinə təzyiq göstərə bilmirik. Vidadi İsayev iddia edir ki, park salınan yerdə mağaza olmayıb. Mən də orada mağazamın olduğuna dair 60 nəfərin imzasını toplayıb Bərdə Rayon Məhkəməsinə göndərmişəm”.

Sahibkar iddia edir ki, icra hakimiyyətindən şikayət etməmək üçün hətta ona pul da təklif ediblər:

“İcranın ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçi Bəxtiyar Abdıyev mənə 1 000 manat pul təklif etdi ki, ərazini satmışıq, amma şikayət etmə. Başqa bir torpaq yerim var idi, oranı satıb onlara 5 000 manat pul təklif etdim ki, mağazamın olduğu yeri qaytarsınlar. Amma onlar bu pula yaxın durmadılar. Bir ay sonra həmin yerə dəmir konstruksiyalı bir mağaza qoydular. Məsələ burasındadır ki, satılan parkın ərazisinə sənəd də verə bilmir. Çünki 1998-ci ildə torpaqlar texniki pasportla verilirdi. Bir şəhid ailəsindən aldığım yerin sənədləri öz adımadır, notariusda da təsdiq olunub”.

Şikayətçi bildirir ki, bir ildən artıqdır müraciət etmədiyi instansiya qalmayıb:

“Nə məni çağıran var, nə də bu işə əncam çəkən. Hələ bizdən dəfələrlə prokurorluğa şikayət ediblər. İcra hakimiyyətinin hüquqşünası məhkəmədə hakimə deyir ki, guya məni İcra Hakimiyyətinə çağırıblar getməmişəm ki, nə istədiyimi bilsinlər”.

Taleh Bədəlovun deyir ki, ailəsinin dolanışığı 48 kvadratmetrlik dükandan əldə etdiyi gəlirlə təmin edirmiş:

“Mağazanın bir hissəsində un, bir hissəsində hədiyyələr, digər tərəfində isə telefon satışı həyata keçirirdim. Ailəmin dolanışığını bu dükandan çıxarırdım. Mağaza söküləndən sonra dəfələrlə əməliyyat olundum, müxtəlif xəsarətlər aldım. Qanunla mağazamı sökəndə kompensasiya verilməli idi ki, başqa yerdə mağaza açıb ailəmi dolandırım. Amma heç nə ödənmədi. Üstəlik, mağazanın sökülməsinə dair sərəncam da yoxdur”.

Qeyd: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər