2 May 2014 19:41
7 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təmiz Dünya” İctimai Birliyi daha bir qadın faciəsini ictimailəşdirib. Teleqraf.com-un məlumatına görə, təşkilatın sədri Mehriban Zeynalova bu barədə “Facebook”da status yazıb.

Həmin statusu təqdim edirik:

“Bu gün bir qadın çəkinə-çəkinə ofisimizə gəldi. Əvvəlcə danışmaq istəmədi, ancaq sonra bir kəlmə söz deyərək ağlamağa başladı. Dedi ki, heç vaxt ailəmdən şikayət etməmişəm və buna görə özümü qınayıram, ancaq artıq dözə bilmirəm, mənə kömək edin. Qadın danışarkən gözüm onun qolundakı çapıqlara sataşdı. Başa düşdüm ki, artıq əri tərəfindən işgəncələrə dözməyib və bizə müraciət edib.

Qadın 1966-ci il təvəllüdlüdür. 19 yaşında rəsmi qaydada ailə həyatı qurub. Evliliklərinin ilk günlərindən qadına qarşı zorakılıqlar , təhqirlər olub. Həyat yoldaşı hətta qadının şəhid qardaşının ruhunu da söyüb.

Onun 3 oğlu var. Həyat yoldaşı alkoqol düşkünüdür və yüngül həyat tərzi keçirir. Spirtli içkilər qəbul edərək, gəlib evdə həyat yoldaşını, oğlanlarını döyür söyür. Bir dəfə qadının saçından tutub küçədə döyərkən qonşular və oğlanları onu xilas ediblər. Oğluna qarşı da zorakılıq edərək onu əlil qoyub.

Bunlar azmış kimi, rayonda yaşadıqları evi həddən artıq borcu olduğuna görə satıb, Bakıda təmirsiz ev alıb. Evi qadının qardaşları çox böyük çətinliklə təmir edib. Təmirdən sonra kişi həyat yoldaşını, 3 övladını, gəlinini və nəvələrini evdən qovub.

Həmin evə isə bir qadını gətirib, birgə yaşayırlar. Artıq 7 aydır ki, qadın ailəsi ilə kirayələrdə, kişi isə əxlaqsız qadınla həmin evdə yaşayır. Qadın evinə qayıtması üçün bizdən kömək istəyir. Əlimizdən gələn qədər ona kömək etməyə, ailənin dağılmamasına çalışırıq”.

SEVİNC


Müəllif: Sevinc Fədai