II Yazı
Əvvəli burada
https://teleqraf.com/news/toplum/258558.html
Ötən yazımızda Sorbonda ilk doktorluq dərəcəsini müdafiə edən, Türkiyənin ilk kimyaçı qadını Rəmziyyə Hisarın Azərbaycan Cümhuriyyətinin istəyi üzərinə Türkiyədən Bakıya gəlib dərs deyən müəllimlərdən biri olduğunu qeyd etdik. Bu yazımızda Rəmziyyə Hisarın Bakıda müəllim kimi fəaliyyəti ilə bağlı xatirələrini təqdim edirik.
***
... Məktəbdə yoldaşlarım mənə müdir bəylə birlikdə Bakıya müəllimlik etməyə gedəcəklərini söylədilər. Əslində, “öyrətmən” kəlməsi o zamanlar yox idi, Bakı Darülmüəllimatına “müəllimə” olmağa gedirlərmiş. Elə dedilər...
“Bakı” kəlməsini ilk dəfə eşidirdim. Harada olduğunu soruşdum. Yeni bir Türk dövləti olan Azərbaycanın mərkəzi, çox modern, gözəl bir şəhər olduğunu anlatdılar. “Biz bütün sinif müdir bəylə birlikdə Bakıya gedirik, sən də gəl” dedilər. Tez evə gedib anamdan izn istədim. Bu qədər uzaq bir yerə getmək istədiyim üçün anam çox üzüldü. “Nə edək, biz cahilik, sən daha yaxşı bilərsən” dedi gücənərək. Mən də bunu təsdiq kimi qəbul etdim. Məktəbə qayıdaraq yoldaşlarıma onlarla Bakıya gedəcəyimi söylədim. Ancaq bütün sinif getməyə hazırlanarkən bir çoxu gəlməkdən vaz keçdi. Qala-qala beş öyrənci, bir də türk dili müəllimimiz Sarıklı Vəhbi Əfəndi qaldı. Kimya şöbəsindən bircə mən var idim. Sinif yoldaşım Nadidə, məndən bir sinif aşağı Həcər, Rabiyə, bir də bizim məktəbdən məzun Səniyə adında bir xanım və Sarıklı xoca. Kiçik qafiləmiz altı adamdan ibarətdi! Ancaq israfımız bu qədər də olmadı. O günlərdə Qara dənizdə elə qorxunc bir fırtına qopdu ki, 10 vapur batdı. Zonquldakın önündə 4 gün sallandıqdan sonra limana girə bildik. Səniyə elə qorxmuşdu ki, enib İstanbula qayıtdı.
Biz – geridə qalan beş nəfər Batuma getdik. Guya bizi vapurdan qarşılayıb Azərbaycan səfarətinə aparacaq, maraqlanacaqdılar. Amma Batuma çatdığımızda heç kimsənin gəlmədiyini gördük. Səfarəti min bir çətinliklə özümüz tapdıq. Azərbaycan səfirinin (Böyük ehtimalla müəllimlər Azərbaycanın Batumdakı Baş konsulluğuna gediblər və konsul Mahmud bəy Əfəndiyevlə görüşüblər – D.Ə) yanına getdik, bizə baxıb “mən özüm bunların kağızlarını qayıraram, axşam Hikmət bəylə gedərlər” (Rəmziyyə xanım bu ifadəni xatirələrin olduğu lent yazısında Azərbaycan türkcəsində deyib – D.Ə) dedi. Sonralar anladıq ki, səfir “mən bunların əvraqını incələyərəm” deyirmiş... Axşamüstü Hikmət bəy gəldi. Oradakı İslam məktəbinin müdiri imiş. Onun arxasına düşüb heç bilmədiyimiz bir şəhərdə gecəyarısı yola düşdük. Evlərinə çatdığımızda dərindən nəfəs aldıq. Hikmət bəyin həyat yoldaşı Ləman istanbullu xanım idi. Bizi qonaq etdikləri otaqda samovar qaynayırdı, ev istiydi. Divarlar Hisarların rəsmi ilə bəzədilmişdi. Sükunətdə idik. Çar ordusunun miralayı olan bir qonaqları olduqca düzgün bir türkcə ilə “mənə bundan bir neçə il öncə yaxşı ailə qızlarından Türk xanımları gələcək, burada müəllimlik edəcək desəydilər, inanmazdım. İndi sizləri gördükdən sonra buna qəti inandım ki, bu məmləkət heç bir zaman batmayacaqdır” dedi. Hamımız, təbii ki qürurlandıq...
Əslində bizimki, həqiqətən, böyük bir macəraydı. Çünki müharibənin tam ortasına düşmüşdük. O dövrdə Qafqaza bir tərəfdən Denikin orduları, bir tərəfdən ermənilər hücum edirdilər. Onsuz da bu təhlükələri öyrənincə bir çox adam geri çəkilmiş, gedən bircə bizlər qalmışdıq. Batumdan Bakıya (Mətndə türkcə Bakü – D.Ə) üç gün üç gecə qatar yolçuluğundan sonra çatdıq. Onlar “Bakı” deyirdilər. Bakıdakı Qız Məktəbinə gedəcəyik, amma arabaçılar dilimizi anlamırlar. Nə isə biri dedi ki, “Mən özüm başa düşmüşəm. Mən qabaqdan gedərəm, sən daldan gəl” (Lent yazısında Azərbaycan türkcəsində - D.Ə). Haraya gedəcəyimizi anlamadan iki arabaya yerləşdik. Sonradan öyrəndik ki, “qabaq” “ön”, “dal” da “arxa” deməkmiş!
Bu qədər zəhmətlə getdiyimiz Bakıda heç də xoş qarşılanmadıq. Məgər bizə ehtiyac yoxmuş, amma bunu niyə sonra söyləyirdilər! Maarif nazirinin (Həmid bəy Şahtaxtinskinin dövrünə düşür – D.Ə) yanına aparıldığımızda bizə söylədiyi bu oldu (Lent yazısında Azərbaycan türkcəsində - D.Ə): “Mən özüm üzr diləyirəm ki, mən özüm Azərbaycan ləhcəsi ilə danışıram. Siz Qafqazda heç zad yoxdur sanmayın. Qafqazda yaxşı pedaqoqlarımız, yaxşı psixoloqlarımız vardır”.
Bütün bu Qafqaz mədhiyyəsindən bu nəticə çıxırdı ki, Bakıda qalmağımıza səbəb olan heç bir şey yoxdu... Kendesapa (haranın nəzərdə tutulduğunu bilmədik – D.Ə) getməyimiz gərəkirdi.
Aradan 20 gün keçmişdi ki, bir xəbər gəldi. Maarif naziri bizlərdən birini dərs deyərkən dinləmək istəyirmiş. Darülmüəllimində, yəni Kişi Müəllim Məktəbində oğlan tələbələrə mən dərs deyəcəkdim. Bu, mənim ilk müəllimliyim olacaqdı. Yadların önündəydim, uğurum, əslində, məmləkətimin uğuru olacaqdı. O dərsdə Çanaqqala zəfərini anlatdım. Dərsdən çıxandan Maarif naziri gəlib əlimi sıxdı, təbrik etdi. Bakıda qalmağımıza da bu dərs əsasında qərar verildi. Ancaq Qız Müəllim Məktəbinin fəaliyyət göstərəcəyi bina azərbaycanlı bir milyarder olan Zeynalabdin Tağıyevinmiş. Binanı Tağıyevdən üsula uyğun şəkildə istəmək işi bizə düşürdü. Bu məqsədlə Tağıyevin evində bir yeməyə dəvət edildik. Həyatımda ilk dəfə lüks cəmiyyət həyatına o gün girdim. Böyük bir sarayda idik. Pilləkanlardan ağ əlcəkli qulluqçular, kənarı qızıl qablarda verilən yeməklər, qışın ortasında dondurmalar, təəccüb içində idik... Mən isə bu ehtişamın ortasında “arxamdakı paltonu çıxardığımda içinin astarsız olduğunu görəcəklər” deyə hüzursuz olurdum. Bu şəkildə kasıbdıq! Yeməkdən sonra qalxıb çıxış etdim. Tağıyevi duyğulandıracaq sözlər söylədim. Nəticədə binalarını Qız Məktəbinə bağışladı. Fəqət orada dərs demək, nə yazıq ki, nəsib olmadı. 1920-də rus ordusu Bakıya girərək Azərbaycanın istiqlalına son qoydu.
Tağıyevin dəvətinin mənim üçün ayrı anlamı da vardır. O axşam dəvətlilər arasında olan Doktor Rəşid Sürəyya Gürsey çıxışımdan sonra gəlib məni təbrik etmişdi. Belə başlayan dostluğumuz irəlilədi və 18 mart 1920-ci ildə, Çanaqqala zəfərinin ildönümündə nişanlandıq. 20 apreldə də evləndik. Sonra da İstanbula qayıtdıq...