21 Avqust 2020 13:02
359
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Pandemiya dövrünün məcburi təcrid tədbirləri virus təhlükəsinin qapalı və açıq məkanlarda insanların sıx toplaşdığı şəraitdə artması ilə əlaqədardır. Bu il İslamın vacib şərtlərindən biri olan müqəddəs Həcc ziyarətinin, habelə digər müqəddəs ayin və mərasimlərin müvəqqəti dayandırılması artıq dövrümüzün gerçəkliyidir".

Teleqraf.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə din xadimləri ilə videokonfrans formatında görüşündə deyib.

Onun sözlərinə görə, Aşura kimi, ənənəvi olaraq, böyük kütləviliyi ilə seçilən, sosial məsafəyə əməl olunmasının təmini qeyri-mümkün olan mərasim insanların virusa yoluxma sayının artma ehtimalı baxımından böyük təhlükə yarada bilər: "Bu gerçəkliyi nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri dindarlara müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını nəzərə alaraq, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimlərinin keçirilməyəcəyini bəyan edir".

QMİ sədri xüsusi vurğulayıb ki, hökümət dini mərasimlərin keçirilməsinə qarşı deyil, dindarların sağlamlığını qorumaq məqsədilə bu addımı atır:

"Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məramı ilə bu məcburi addımın atılmasında əsas məqsəd vətəndaşlarımızın həyat və sağlamlığının qorunması olub".

Bu məramın bəzən bilərəkdən təhrif olunması cəhdlərinin yolverilməz olduğunu bildirən QMİ sədri bu yanaşmada bəzi qüvvələrin dövlətlə dindarı qarşı-qarşıya qoyma məkrinin olduğunu istisna etməyib:

"Dindarlar hər zaman dövlətin yanındadırlar və onun zəruri qərarlarını anlayış və hörmətlə qarşılayırlar".

QMİ sədri dövlətin dinimizə qayğı və diqqətlə yanaşmasından razı olan din xadimlərimizin ölkəmizdəki məzhəblərarası harmoniya mühitinin qorunub saxlanılması, kənar qüvvələrin daxili sabitliyimizi hədəf alan, dini mühitimizə yönəlik məkrli addımlarının qarşısının alınması üçün əllərindən gələni əsirgəmədiklərini deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər